PDF Oxu

Mədəniyyət

  • 15

"Gəncliyin fəlsəfəsi"

"Gəncliyin fəlsəfəsi"
Gəncliyin fəlsəfəsi həyatın inkişafına təkan verən amildir. Bu məfhum nə qədər şərh olunub, onun keyfiyyətləri aşkar olunsa da, gəncliyin əsasında duran potensialın daha dərindən öyrənilməsinə hər zaman zəruriyyət yaranır.
Bu yaxınlarda çapdan çıxan Könül Bünyadzadənin "Gəncliyin fəlsəfəsi" də məhz bu məfhumun açılmasına xidmət göstərən bir vəsaitdir. "Gənc" sözü fars dilindən tərcümədə "xəzinə, özündən sonra zəngin irs qoymaq" deməkdir.
İki hissədən ibarət olan "Gəncliyin fəlsəfəsi" kitabının birinci hissəsində gəncliyə xas olan keyfiyyətlərin fəlsəfi təhlili verilir. Kitabın ikinci hissəsi isə ictimai həyatın və onun ayrı-ayrı hadisələrini əhatə edən elmi məqalələr, fəlsəfi esse və hekayələr vasitəsi ilə özünəməxsus təhlildən ibarətdir. Gəncliyin fəlsəfəsinə aydınlıq gətirən müəllif "İstedad, missiya və cəmiyyət" başlıqlı yazıda gənclik və onun üzərinə düşən vəzifələri, açıb göstərməyə çalışır. İnsanın özünü dərk etməsi və varlıq olaraq "mən"ini təsdiqləməsi gənc yaşlarından başlayır. Müəllif göstərir ki, şəxsiyyət "mən"i cəmiyyətin tələblərinə müvafiq olan təzahürüdür və bu "mən"in müxtəlif şərait və zamandakı təzahürləri bir-birindən kəskin şəkildə fərqlənə bilər. Bunlardan hər biri vahid substansiyanı - "mən"i müəyyən dərəcədə ifadə edir.
Kitabda müəllif filosof, şair və yazıçıların fikirlərindən sitat gətirməklə gəncliyin fəlsəfi məqamlarına münasibətini bildirir. "Qorxu, üsyan və cəngavərlik" yazısında Könül Bünyadzadə bu hisslərin insanın varlığında təcəssümü və cəmiyyətdə hansı hallarda baş verməsini açıb göstərir. Mürəkkəb bir hiss olan qorxunun tənhalıqdan doğduğu qənaətinə gələn müəllif onun yaranma səbəblərini aydınlaşdırır.
"Gəncliyin fəlsəfəsi"ndə göstərilir ki, insan ömrünü fəlsəfə tarixinə bənzətsək, gəncliyi onun orta əsrləri hesab etmək olar. Müəllif gəncliklə bağlı fəlsəfəyə yenilik gətirməklə, qeyd edir ki, bu mövzuda yenilik onun özünə məxsus qanunauyğunluqlara malik olmasını göstərməyə çalışmaqdır. Gəncliyin, hikmətin harmoniyasını, öz qanunlarının düşüncəsi, elmi əsaslar vasitəsi ilə işıqlandıran müəllif kitabı Azərbaycanın qəhrəman övladı Ülvi Bünyadzadəni düşünərək yazmışdır. Özünün etiraf etdiyi kimi, "Gəncliyin fəlsəfəsi"ni onu düşünərək başladım və ancaq tək Ülvidən yox. Amma Ülvi bütün yazının fonunda, kökündə, budağında, çiçəyindədir. Ülvinin sevdiyi şairlərə, filosoflara, mövzulara məhz müraciət edir.
Müəllifin əsərdə üzərində dayandığı məsələlərdən biri də gəncin ruhunun ilahi aləmlə bilavasitə əlaqəli olmasının vacibliyidir. Bu gəncin həm mənəvi aləminin təmizliyi həm düşüncəsi ilə ruhunun bir-birini tamamlaması, həm də ruhunun nəbati, heyvani mərtəbəsindən insanı mərtəbəyə yüksəlməsi üçün ən birinci şərtdir.
Kitabın ikinci hissəsinə daxil olan məqalələr, esselər, hekayələr sırasına "Natamamlıq sindromu və ruhumuzu dinləməyi bacarırıqmı?", "Bəşər tarixində soyqırımı hadisəsi", "Mən" və cəmiyyət" "Qəlbin dərrakəsi ilə danışan filosof..." və s. daxildir. Bu yazıların hər birində Könül Bünyadzadə gəncliyin fəlsəfəsini araşdırır və gəncliyin ruhunu bilavasitə cəmiyyətlə əlaqədar qələmə alır.

Digər xəbərlər