PDF Oxu

Mədəniyyət

  • 7

Milli Teatr Festivalının ikinci mərhələsinə start veriləcək

Milli Teatr Festivalının ikinci mərhələsinə start veriləcək
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti "Azərbaycan teatrı 2009-2019-illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli Sərəncam imzalamışdır. Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulmuşdur. Bu Sərəncamdan irəli gələn 2010-cu il fevral ayının 22-də start götürmüş Milli Teatr Festivalının birinci mərhələsi artıq başa çatmışdır. Festivalın birinci mərhələsində 6 teatr iştirak etmişdir. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının və Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılmışdır. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilmişdir. Mədəniyyət və turizm nazirliyini məlumatına istinadən, növbəti mərhələ 2010-cu il aprel ayının 3-dən iyunun 15-dək davam edəcək. Bakı və Sumqayıt şəhərlərində 192 nəfərdən ibarət yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulmuşdur. Bu müddətdə Bakı və Sumqayıt şəhərlərində Ağdam, Füzuli, Şəki, Qusar, Mingəçevir və Naxçıvan dram teatrları, Salyan və Naxçıvan kukla teatrlarının çıxışları planlaşdırılmışdır. Teatr festivalında Azərbaycan və dünya klassiklərinin əsərləri oynanılacaq. Belə ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı M.F.Axundov "Xırs quldurbasan", Gənc Tamaşaçılar Teatrı K.Hamsun "Viktoriya", Ağdam Dövlət Dram Teatrı Ə.Nesin "Al canımı, ağrın alım", Füzuli Dövlət Dram Teatrı S.S.Axundovun "Bəndalı bəndə düşüb", Elçinin "Cəhənnəm sakinləri", Rus Dram Teatrı F.Dostoyevskinin "Karamazov qardaşları", Şəki Dövlət Dram Teatrı Ə.Haqverdiyevin "Pəri cadu", Salyan Dövlət Kukla Teatrı R.Əlizadənin "Tülkünün uçuşu", Qusar Dövlət Ləzgi Dram Teatrı Ə.Əmirlinin "Varlı qadın", Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Q.Qarayevin "Yeddi gözəl", Ü.Hacıbəylinin "Leyli və Məcnun", Mingəçevir Dövlət Dram Teatrı İ.Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı", Naxçıvan Dövlət Musiqili Dram Teatrı C.Məmmədquluzadənin "Dəli yığıncağı", Naxçıvan Dövlət Kukla Teatrı C.Məmmədquluzadənin "Çay dəstgahı" tamaşalarını milli festival çərçivəsində oynayacaqlar.

Digər xəbərlər