Müasir Azərbaycan kinosu geniş şəkildə təbliğ olunacaq
Müasir Azərbaycan kinosunu təbliğ və yeni çəkilmiş filmlərimizi geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədilə mədəniyyət və turizm nazirliyi aprel ayının 6-10 tarixləri müddətində respublika daxilində Azərbaycan kinosu həftəsi keçirir.
"Azərbaycan kinosu həftəsi"nin tədbirlər planına əsasən, aprelin 6-da Heydər Əliyev Sarayında rejissor Samir Kərimoğlunun "Niyyət" bədii filminin təqdimatı keçiriləcək.
6-10 aprel tarixlərində regionlarda - Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Gəncə, Yevlax şəhərlərində yeni Azərbaycan filmləri nümayiş etdiriləcək. Aprelin 8-də isə Sumqayıt şəhərində "Gənclərin qısa filmləri" proqramına baxış və yaradıcı gənclərlə görüş təşkil olunacaq. Həmin gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənc rejissorlarla görüş və "Nəfəs", "İki", "Qocalar" qısametrajlı filmlərə baxışın keçiriləcəyi də nəzərdə tutulur. Şağan Uşaq evində "Cəsur təyyarə" və "Xeyirxah kirpi" cizgi filmlərinə baxış da kino həftəsinin proqramına daxil edilib. 10 apreldə "N" hərbi hissəsində "Cavad xan" filmi, 4№-li qadın və 15№-li islah əmək müəssisələrində "Məhkumlar" və "Niyyət" bədii filmləri nümayiş olunacaq.
Heydər Əliyev Fondu ilə birgə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmiş Qala qoruğu haqqında sənədli filminin Əzizbəyov rayonunda premyerası, Dövlət Film Fondunda görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin 90 illiyinə həsr olunmuş xatirə gecəsi, "İçəri şəhər. Əsrlərin daş yaddaşı", "Azərbaycan xalçası", "Azərbaycan motivləri" sənədli filmlər axşamının Kinematoqrafçılar İttifaqının zalında təşkili, Dövlət Filarmoniyasında "Ey həyat, sən nə qəribəsən!" sənədli filminin təqdimatı proqramın zəngin olacağını göstərir.