Ottava şəhərində "Qala" filminin premyerası keçirilib
Kanadanın paytaxtı Ottava şəhərində Azərbaycanın istehsalı olan "Qala" filminin premyerası olmuşdur. Tədbir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən təşkil olunmuşdur. Tədbirin açılışında səfir Fərid Şəfiyev Azərbaycanın film sənayesinin tarixindən bəhs etmiş və ölkəmizdə ilk filmin 1898-ci ildə çəkildiyini bildirmişdir. Daha sonra çıxış edən filmin rejissoru Şamil Nəcəfzadə vurğulamışdır ki, "Qala" filminin ideyası incəsənətin və real həyatın bir-biri ilə sıx çulğaşmasından irəli gəlmişdir. O, qeyd etmişdir ki, Azərbaycan torpaqları hələ də Ermənistanın işğalı altındadır və filmdə baş verən hadisələr Azərbaycanın yaxın tarixindən irəli gəlir. Kanadanın "The Ottawa citizen" qəzetində məşhur kanadalı film tənqidçisi Jay Stone "Qala" filmi haqqında məqalə dərc etmişdir. Məqalədə kanadalı seyrçilərin Azərbaycan filmini izləmək kimi nadir şans qazandığı qeyd olunmuşdur.
Qeyd etmək lazımdır ki, "Qala" filminin nümayişindən yığılan gəlirlər yanvar ayında Haitidə baş vermiş zəlzələ qurbanları üçün humanitar yardıma yönəlmişdir.