31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi
1918-ci ilin mart ayının 31-i Azərbaycan xalqının tarixinə növbəti qanlı hadisələrdən biri kimi daxil olmuşdur. Bu tarix hamımıza yaxşı məlumdur. Zaman-zaman xalqımızın başına gətirilən bəlalar, şübhəsiz ki, bizim istedadlı insanlarımızı da daim təsirləndirir və onların yaradıcılığında dərin iz buraxır. Bu tarix Azərbaycan rəssamlarının əsərlərində də yaşanır. Dünən mədəniyyət və turizm nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgidə bu öz əksini tapmışdır. Yaradıcı şəxs olaraq rəssamlarımızın əsas mübarizə vasitəsi sənəti, qələmi və fırçaları olduğundan Azərbaycanın soyqırımını hər kəs öz prizmasından, reallıqlara əsaslanıb təqdim etmişdir. Həmin ağır günlərdə erməni daşnak ordusu və bolşeviklərin silahlı cəza dəstələrinin Bakıda və ölkənin digər bölgələrində dinc azərbaycanlı-türk əhalisinə divan tutmasın, xalqımıza qarşı əsil soyqırımı törətməsi rəssamların yaradıcılığında dolğun boyalarla ifadə olunmuşdur.
Qeyd edək ki, Azərbaycan tarixində yaşanılan tarixi hadisələri nəzərə alaraq, bu ilin yanvar ayında mədəniyyət və turizm nazirliyi tərəfindən ilk dəfə xüsusi elan verilmiş, Azərbaycan rəssamlarının 20 Yanvar faciəsi, Xocalı genosidi və 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş əsərləri toplanmışdır.
Muzey Mərkəzində təşkil edilmiş ekspozisiyada 90-dan artıq rəssamın 100-dən çox əsəri cəmlənmişdir. Həmin əsərlərin ümumi ruhunda kədərli motivlər, qara və tünd rənglər üstünlük təşkil etsə də xalqımızın və ölkəmizin işıqlı sabahına ümid və inam hissi açıq ifadə olunur. 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sərginin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın başına gətirilən ümummilli bəlaların Azərbaycan rəssamlarının yaradıcılığına göstərdiyi təsiri nümayiş etdirməkdən, günahsız qurbanların əziz xatirəsinin anılmasından ibarətdir.