PDF Oxu

Mədəniyyət

  • 19

Şəxsi arxivlərin diskə köçürülməsi davam edir

Şəxsi arxivlərin diskə köçürülməsi davam edir
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 2009-cu ildə elmi fəaliyyəti ilə bağlı hesabatını açıqlayıb. Ötən il əlyazmaların və arxiv materiallarının digital disklərə yazılması işinə başlanılıb. 4000-dən artıq əlyazma haqqında Azərbaycan, ingilis və ərəb dillərində informasiya bankı hazırlanıb. Ötən ildən institutda şəxsi arxivlərin də diskə köçürülməsinə başlanılıb. 2009-cu ildə Azərbaycanın görkəmli ədibi Yusif Vəzir Çəmənzəminlinin arxivi tam olaraq diskə köçürülüb. Hesabat ilində institutda Əbdülqəni Nuxəvi Xalisəqarızadənin əlyazmalarının elmi təsviri, Abdulla bəy Asinin şeirlərinin tədqiqi və nəşrə hazırlanması, Hacı Mirzə Ağarəhim Qüdsinin divanının nəşrə hazırlanması, "Koroğlu" dastanının əlyazma variantlarının transfoneliterasiyası və nəşrə hazırlanması, Haşım bəy Saqibin divanının nəşrə hazırlanması, Əbu Übeydə Məmər bin əl-Müsənnə ət-Teyminin " Müntəxəbül-lüğə", Əbülhüseyn Əhməd bin Məhəmməd əl-Qüdurinin "Müxtəsərül-Qüduri", Şeyxülislam Hacı Mövlazadə Şəkəvi və onun "Kitabül- bəyan fi-təfsiril-Quran" əsərlərinin tədqiqi işləri tam başa çatdırılıb. Ötən il Füzulinin biblioqrafiyası təkmilləşdirilərək nəşrə hazırlanıb. Rəşid bəy Əfəndiyevin şəxsi fondunun nəşrə hazırlanması istiqamətində iş aparılıb, şəxsi arxivlərdəki paremioloji vahidlərin tədqiqi davam etdirilib. İnstitutun tərcümə və informasiya şöbəsində tibb tarixinə aid Mir Məhəmməd Möminin "Töhfətül-möminin" əsəri tərcümə edilib. Əlyazmalar İnstitutu tərəfindən "Türkdilli əlyazmalar kataloqu"nun ikinci cildi rus dilində nəşrə hazırlanıb. Ümumi həcmi 263 səhifə olan kataloqa Azərbaycan, Türkiyə və Orta Asiya xalqlarının türkdilli ədəbiyyat klassiklərinin XI-XX əsrin əvvəllərində yazıb-yaratdıqları 431 əlyazmanın elmi-paleoqrafik təsviri daxil edilib. Əlyazma kitablarından bir neçəsi böyük özbək şairi Nəvai və klassik Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri Məhəmməd Füzulinin əsərlərindən ibarət müştərək toplulardır. Yeni nəşr olunan kataloqda Azərbaycan şairləri Nəsimi, Kişvəri, Xətai, Füzuli, türk şairləri Baqi, Nabi, Naili, özbək şairi Nəvai, türkmən şairi Məhdimqulu və başqalarının divanları haqqında məlumatlar əks olunub.

Digər xəbərlər