Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə aprelin 1-dən 10-dək paytaxtda fəaliyyət göstərən xalq teatrlarının festivalı keçiriləcək. Festival xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin səmərəli təşkili, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb olunması, əhalinin teatr sənətinə marağını artırmaq məqsədi ilə təşkil edilmişdir.
Festivalda Bakı şəhərinin mədəniyyət müəssisələrində fəaliyyət göstərən bütün xalq teatrları və dram kollektivlərinin iştirakı nəzərdə tutulur.
Festivalın ilk üç günündə 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qalibləri müəyyən etmək üçün hər tamaşadan sonra qiymətləndirmə aparılacaq. Münsiflər heyəti üzvlərinin verdikləri ballar əsasında festivalın mükafatçıları müəyyən ediləcək.
Qalib gəlmiş kollektivlər xalq teatrlarının ümumrespublika baxış müsabiqəsinə vəsiqə qazanacaqlar. Bakı şəhərini təmsil edən 15 teatrın qatılacağı festivalda birincilik qazanacaq kollektivlərlə yanaşı, müxtəlif nominasiyalar üzrə qalib gəlmiş istedadlı aktyorlara da fəxri fərmanlar və hədiyyələr təqdim olunacaq.
Mükataflandırma mərasimi aprelin 9-da Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək.