PDF Oxu

Mədəniyyət

  • 14

Parisdə Beynəlxalq Kitab Sərgisi

Parisdə Beynəlxalq Kitab Sərgisi
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, 26-31 mart 2010-cu il tarixlərində Parisdə Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Həmin sərgi-yarmarkada Azərbaycan Respublikası da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin bu məqsədlə icarəyə götürdüyü stenddə ölkəmizdə işıq üzü görmüş 200-ə qədər kitab, jurnal, turizmə aid bələdçi kitablar və s. çap məhsulları nümayiş ediləcək. 1200-ə yaxın nəşriyyat evinin təmsil olunacağı sərgidə Fransanın bütün regionları ilə yanaşı, 30-dan artıq xarici ölkə nəşriyyatları da iştirak edəcək.
Dünya naşirlərinin ən mötəbər kitab forumlarından biri olan sərgi-yarmarka bu il özünün 30 illik yubiley açılışını gerçəkləşdirəcəkdir. Bu münasibətlə sərgiyə, xüsusi olaraq, "30 illik pavilion" (Pavillon 30 ans) adı altında "Fəxri qonaq" qismində 30 fransız və 30 xarici ədəbiyyat nümayəndəsi dəvət olunmuşdur. Sərgi çərçivəsində təmsil olunacaq iştirakçılar öz milli musiqi və mətbəxlərini də nümayiş etdirəcəklər. Azərbaycan Respublikası da, öz növbəsində, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən Novruz bayramının atributları olan bayram şirniyyatlarını, həmçinin, milli kulinariya nümunələrini sərgi iştirakçılarına təqdim edəcəklər.
Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və 2010-cu ilin YUNESKO tərəfindən Mədəniyyətlərin Yaxınlaşması İli elan olunması ilə əlaqədar TÜRKSOY-a üzv dövlətlərin elmi-yaradıcı nümayəndə heyətlərinin iştirakı ilə mart ayının 29-da YUNESKO-nun Baş Qərargahında, 30-da isə Avropa Şurası qərargahında - Strasburq şəhərində Novruz bayramının təqdimat mərasimi keçiriləcəkdir. TÜRKSOY təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı bir sıra türkdilli ölkələrin nümayəndə heyətləri də iştirak edəcəklər. Bundan başqa 29-30 mart tarixlərində Fransanın "Maison des cultures du monde" ("Dünya mədəniyyətləri evi") Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə hər il keçirilən "Təxəyyül" festivalında Şirvan aşıqları iki günlük konsert proqramı ilə çıxış edəcəklər. "Maison des cultures du monde" Assosiasiyasının konsert salonunda baş tutacaq konsertdə aşıqlarımız Azərbaycan folklor nümunələrini ifa edəcəklər.Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, "Pəncərə" jurnalının, "Salnamə" sənədli filmlər studiyasının əməkdaşları, Şirvan aşıqları, Qədim Musiqi Alətləri Ansamblının bir qrup üzvü və Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi daxildir.

Digər xəbərlər