Fidan Hacıyeva yeni solo-konsert proqramı ilə çıxış edib
Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yeni solo-konsert proqramı ilə çıxış edib.
Novruz bayramı ərəfəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən konsertdə F.Hacıyeva ilə birlikdə professor Hüseyn Əliyevin tələbələri Azər Rzayev, Süleyman Süleymanov, Fərid Əliyev, Anton Feştanq kimi istedadlı gənclər də səhnəyə çıxıblar. Fidan Hacıyeva onlarla çoxsaylı duetlər ifa ediblər.
Konsertdə dünya klassikləri və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunmuşdur. Müğənnilərin hazırladıqları xüsusi romanslar və mahnılar da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Üç saata yaxın davam edən konsert proqramında "Karmen", "Seviliya bərbəri", "Toska", "Samson və Dalila", "Arşın mal alan", "Sevil" və digər operalardan parçalar səslənib. Müğənninin səhnəni gənc ifaçılarla paylaşmaqda məqsədi Azərbaycanın istedadlı gənclərini üzə çıxarmaqdır. Konsert üçün Böyük Britaniya modelyerlərinə səhnə geyimləri sifariş verən F.Hacıyeva pərəstişkarlarının qarşısına xüsusi geyimlərlə çıxıb.
Vokalçının konserti üçün səhnə dekorasiyasını Opera və Balet Teatrının dizaynerləri klassik üslubda hazırlanmışdı. Dövlət Akademik Opera və Balet Teatrı Orkestrinin müşayiəti ilə keçirilən konserti orkestrin baş dirijoru, xalq artisti Cavanşir Cəfərov idarə edib.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ölkəmizdə fəaliyyət döstərən diplomatik korpus nümayəndələrinin, paytaxtımızın qonaqlarının və operasevənlərin iştirak etdikləri konsert çox böyük maraqla qarşılanıb.