"Məhəmməd" məscidində bərpa və konservasiya işlərinə başlanılıb
İçərişəhərin konservasiyası üzrə Master Plana uyğun olaraq XI əsrin abidəsi olan "Məhəmməd" məscidində bərpa və konservasiya işlərinə başlanılıb.
Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, işlər Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni bərpa etmiş Erik Pummerin rəhbərliyi ilə onun emalatxanasının əməkdaşları və yerli mütəxəssislər tərəfindən "Remmers" şirkətinin bərpa üçün nəzərdə tutulmuş xüsusi materiallardan istifadə edilməklə həyata keçiriləcək.
Bərpa işlərinə hazırlıq ötən ildən başlanmışdır. Əvvəlcədən xarici mütəxəssislər tərəfindən abidənin vəziyyətinin diaqnostikası və ölçmə-tədqiqat işləri aparılmış və əldə olunmuş nəticələrə əsasən, onun bərpa metodikası, tətbiq olunacaq texnologiya və materiallar müəyyənləşdirilib.
Qarşılıqlı razılaşmaya əsasən, yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə avstriyalı mütəxəssislər aparılacaq konservasiya işlərinin gedişində əyani olaraq öz təcrübələrini bölüşəcəklər. Bu isə, öz növbəsində, gələcəkdə bu cür işlərin yerli mütəxəssislər və işçi qüvvəsi hesabına həyata keçirilməsinə imkan yaradacaqdır.
Xatırladaq ki, məscid giriş qapısının üzərindəki epiqrafik yazıya istinadən (ərəb kufi xətti) hicri tarixi ilə 471-ci ildə (miladi 1078-79) ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunmuşdur. Bu qədim və möhtəşəm abidə I Pyotrun Bakıya kəşfiyyat üçün göndərdiyi rus donanmasının admiralı Matyuşkinin göstərişi ilə şəhərin dənizdən top atəşinə tutulması nəticəsində məscidin minarəsinin yuxarı tərəfinin dağıldığı üçün "Sınıqqala" adlanır.
1988-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı məscidin gözlənilməz irihəcmli sahə quruluşu kəşf edilmiş, ibadət zalının altından daş çatma qübbə ilə örtülmüş analoji tipli otaq aşkar olunmuşdur. Güman edilir ki, məscid burada islama qədər fəaliyyət göstərən daha qədim ibadət ocağının bünövrəsi üzərində ucaldılmışdır.