Yola saldığımız onilliklər yarım əsrdən artıq bir zamanı haqladıqdan sonra həyat fəlsəfəsinin rəngarəngliyi bu zaman məsafədə özünü göstərməkdədir. Zamanın ixtiyarına buraxdığımız ömrə nəzarət edən ağıl və idrak bu fəlsəfənin mahiyyətini açıb göstərir, naxış salınan izlərin əlvanlığında kimliyini təsdiqləyir və bu aləmdə varlıq olaraq mövcudluğunu dərk edirsən.
Həyat yoluna salınan körpülər üzərindəki hərəkətin, izin ruhi və maddi dünyanda sənin varlığını tamamlayır. Ömrünü böyük işlərə həsr edib, daim tələsib istək və arzunu həyata keçirmək məqsədində olan insanlar Tanrının bəxş etdiyi ömür yolunda ülviləşir, paklanır, mənən təmizlənir, bir ömrə neçə-neçə ömürləri daxil edərək cəmiyyət üçün gərəkli bir simaya çevrilir. Bu gün 60 illik yubileyini qeyd edən Ağalar İdrisoğlu kimi. Geniş ürəkli, incə ruhlu, mübariz, axtarışlarla zəngin olan bir ömrün yaradıcısı. Əslində, bu və digər keyfiyyətləri özündə birləşdirən insanlar varlıqlarının yaradıcılarıdır. Daxilindəki bacarıq və qabiliyyəti üzə çıxarıb, ağlın diqtəsi və məntiqlə hərəkət etmək cəmiyyətdə öz yaradıcına çevrilmək deməkdir. Səmimi etiraf edək ki, A.İdrisoğlu da sənət aləminə gəldiyi zamandan özündə olan daxili keyfiyyətləri üzə çıxarmaqla mənəvi portretinin müəllifidir.
60 il, 60 bahar, 60 xəzan, 60 qış yaşamış bir ömrün zaman məsafəsindən boylanan illəridir bu onilliklər. Bu illəri arxada qoyub, ömrün müdrikliyinə qədəm qoyan A.İdrisoğlunun haqq-hesab verməyə sənət tərcümeyi-halında dəyərli məqamlar var. Bu, onun yaradıcılıq bioqrafiyasının əsasında duran dəlillərdir.
Ömür biblioqrafiyasının ilk səhifələrindən oxuyuruq. Ağalar İdrisoğlu Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun dram və kino aktyorluq fakültəsinə daxil olmuş, buranı müvəffəqiyyətlə bitirdikdən sonra Moskvada A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Mükəmməl ali təhsil yaradıcılığının zənginləşməsinə baza yaradır. 40 il bədii yaradıcılıqla məşğul olan sənətkar professional teatr səhnəsində bir-birinin ardınca maraqlı tamaşalara yozum verərək, onları yaradıcılıq təxəyyülündən keçirib, zamanla əlaqəli şəkildə tamaşaçısına təqdim etmişdir. Tamaşalarda 40-dan artıq rollarda çıxış edib və 90 adlı tamaşaya quruluş vermişdir. O, 25 il Sumqayıt Gənclər Xalq Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Əbdürəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlxalq Teatr truppasının bədii rəhbəri və dirijoru kimi çalışmışdır. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi olmuşdur. Teatr aləmi onun üçün ən ali bir məkana çevrilmişdir. Azərbaycanın qeyd olunan teatr səhnələrində çalışdığı illər həmin sənət məkanlarına nailiyyətlər, uğurlar gətirmişdir. Ağalar İdrisoğlu daim axtarmış, klassik və mükəmməl əsərləri üzə çıxarıb, yaradıcı simaların daxili imkanlarını nəzərə alıb, onlara rolları həvalə etmiş, nəticədə alqışlarla qarşılanan tamaşaların sevincini yaşamışdır. Professor, yazıçı-tərcüməçi Zeydulla Ağayev onun bu fədakarlığı haqqında belə deyir:"Onun vaxtilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrını ayaqüstə qoymasından indi həmin rayonun və ətraf ərazilərin əhalisi ürək dolusu ilə danışır. Sonra direktor və bədii rəhbər kimi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrını respublikanın ən aparıcı sənət məbədlərindən birinə çevirməsi də reallıq olmuşdur."
Bəli, A.İdrisoğlu rejissor olmaqla yanaşı həm də istedadlı yazıçı-publisistdir. Yazıçı, dramaturq, publisist kimi "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı", "Sərhədsiz dünyamız", "Ömrün akkordları", "Qaranlığı yaran işıq", "Bir alim ömrünün salnaməsi" romanlarının, "Kəfənini geymiş qoca", "Vicdan mühakiməsi", "Ulu Tanrı və Ağ Gəmi əhvalatı", "Şahidin şahidləri və şəhidlər" povestlərinin, "Həyatın astanasında", "Qonaq", "İnan mənə", "Məhkəmədən əvvəl", "Məhkəmədən əvvəl məhkəmə", "Şah İsmayıl", "İmam Şamil", "Çarəsiz ölüm", "Öz qanunları olan şəhər" və bir çox pyeslərin, 50-dən artıq hekayənin, esselərin, elegiyaların, 400-dən artıq məqalənin, ressenziyaların, publisist yazıların müəllifidir.
Ağalar İdrisoğlunun "İnan mənə", "Ən xoşbəxt gün", "Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca", "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı", "Dünya azərbaycanlıları", "Qaranlığı yaran işıq", "Bir alim ömrünün salnaməsi" kitabları çap olunmuşdur. 10-dan artıq topluya isə hekayələri, pyesləri, tərcümə etdiyi əsərləri daxildir. Bu ismin qarşısına tərcüməçi məfhumunu da əlavə etmək lazımdır. Belə ki, o, dünya xalqlarının 10 pyesini Azərbaycan dilinə tərcümə etmişdir.
Ağalar İdrisoğlunun yaradıcılıq fəaliyyəti öz qiymətini almışdır. Belə ki, o, "İnan mənə" əsərinə görə 1985-ci ildə Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsinin qalibi olmuş, quruluş verdiyi A.Həsənoğlunun "Yanmış evin nağılı" tamaşası Q.Mirzəyev adına mükafata və "Şah İsmayıl" tamaşası "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. O, Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.
Müxtəlif janrlara müraciət edən və hər janrda özünü tapıb həyatda rast gəldiyi hadisələrin fəlsəfi kökünü araşdıraraq, məntiqə gələn yazıçı böyük ideyaların arxasında həyat həqiqətlərini ortaya çıxarıb, ümumiləşdirmələr əsasında insanların obrazlarını bədiiləşdirərək, cəmiyyətin, bütövlükdə, kökündə olan bəlaları üzə çıxarmağa, onların həlli yolunu göstərməyə cəhd göstərir. Bu yolda yazıçının arxaya boylanaraq, yaşadığı zaman çərçivəsində söylənilən həqiqətləri dərk etməyə və bəzən isə zamanla həqiqət arasındakı uçuruma təsadüf etdikdə, onun hiddətini, qəzəbini, bəzən isə kövrələrək, bu hiddətin qarşısında bir ziyalı mövqeyini görürük. Təbii ki, bu mövqedə yazıçının heç də gücsüzlüyü və iradəsizliyi nümayiş olunmur. O, zamanın hökmünə qarşı hökmünü qoymaqdada iqtidarlıdır. Elə bu həqiqətlərin içərisində ömrünün 60-cı baharını yaşayan ziyalı neçə-neçə ömürləri öz ömür yolunda birləşdirib, onlarla bərabər mübarizəyə çıxmış, var qüvvəsini, iradəsini məhz bu işə sərf etmişdir.
Bədii ümumiləşdirmələr əsasında yaratdığı qəhrəmanlar xalqın iradəsini üzə çıxarır. Ağalar İdrisoğlu, sözün həqiqi mənasında, yaradıcı bir ziyalıdır. Yaşadığı illər onu xalqa tanıtdırıb və sevdirib. Sənətkarı 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona axtarışlarında uğurlar arzulayırıq.