PDF Oxu

Mədəniyyət

  • 12

Ağasən Bədəlzadə - 70

Ağasən Bədəlzadə - 70

50 ilə yaxındır ki, şair Ağasən Bədəlzadə yazıb-yaradır. 50 ilə yaxındır ki, öz işıqlı fikirlərini, alovlu poetik düşüncələrini öz sənət rübabı ilə dilləndirməklə məşğuldur. "Od təmizliyi", "Həyat eşqi", "Bu dünya qaranlıq olmur" və bir çox bu qəbildən şeirləri ilə şair əmindir ki, yalnız işıq, Günəş, mübarizə çırağı insanı səfərbər edər, ona düzgün yol göstərər. Ürəyin işıqla müqayisəsi Ağasənin poeziyasında xüsusi əhəmiyyət kəsb edir, Danko kimi işıqlı ürəyin işıqlı ömür kimi mənalandırılması şeirinin yeni obraz axtarışlarının bir yekunudur.
İllərin əvəzlənməsi, həyatın irəliləyişi şairin poeziyasına müdriklik gətirir, onun poetik düşüncəsini fəlsəfi ümumiləşdirmələrlə zənginləşdirir, ömür işığının daha əbədi, daha dürüst mətləb kəsb etdiyini nümayiş etdirir. "İşıq-qaranlıq" şeirində biz şair yetkinliyinin daha bir məqamı ilə, poetik fəlsəfi qənaətləri ilə tanış oluruq. Şair qəti inanır ki, həyat və dünya təkcə bir həyatın, ömürün doğulmasından və qeyb olmasından ibarət deyil. "Sirrini heç kimə verməyən, bir yandan boşalan, bir yandan dolan dünyanın" öz möcüzləri və yeniləşməsi ilə maraqlıdır.
Artıq ömrünün 70-ci baharını qeyd etməyə hazırlaşan şair Ağasən Bədəlzadə ömrünün bu qırmızı təqvim ilini işıqlı düşüncələri, narahat və gərgin poetik axtarışları ilə qarşılayır.
O, təkcə bir şair ömrü deyil, bir alim, bir pedaqoq, bir ədəbiyyatşünas ömrünü yaşayır. Müəllimliyi ilə gəncliyə maarif işığı paylayan qələmindən də ayrılmır, vaxtaşırı gözəl şeirlər, məqalələr və publisistik yazılar yazır. Həyatın eniş-yoxuşundan, ömrün gərdişindən yaxşı baş çıxaran müəllifin əzəli həqiqətlərə epitetlər axtarması da onun poetik üslubunun təkrarsızlığından xəbər verir:
Ömür məclis deyil, dünya
toy-düyün,
Həyatın yolları düyün-düyündür.
Bəlkə də bədbəxtlik hesab etdiyin,
Dünyada ən böyük xoşbəxtliyindir.

A.Bədəlzadənin şeirləri ədəbi tənqiddə maraq doğurmuş, xalq şairi Bəxtiyar Vahabzadə onun şeirləri haqqında "Yanmaq ona deyərəm ki" adlı məqalə yazmış, B.Məmmədzadə, Ş.Zaman və b. qələm sahibləri onun poetik axtarışlarını təqdir etmişlər. B.Vahabzadə bu istedadlı tələbəsi haqqında yazırdı: "Ağasən Bədəlzadə - bu təvazökar oğlan şeirlərini mənə təqdim edəndə tər tökürdü. Qəlbi dolu bu şairi xalqımıza "Ulduz" jurnalı vasitəsilə tanıtmağı özümə şərəf bilirəm".
Şairin ilk şeir kitabları və "Azərbaycan", "Ulduz" kimi jurnal və qəzetlərdə çap etdirdiyi şeirlər ədəbi ictimaiyyətlə yanaşı, çoxsaylı oxucuların da diqqətini cəlb etmiş, o, çoxlu məktublar almışdı. Bu məktublarda Ağasənin şeirlərindəki təbiilik, səmimilik, obrazlılıq və s. məziyyətlər təqdir olunur, mənəvi təmizliyə, həqiqətin müdafiəsinə və doğruçuluğa meyilinə, doğma yurd və xalqa bağlılığına xüsusi diqqət yetirilirdi.
A.Bədəlzadənin "Qocalıq", "Qarışıq", "İnsan dinc olar", "Görmürəm", "Vicdan ağrısı", "Gecə açılan güllər", "Yavaş-yavaş öyrəşirik" kimi şeirlərində müasirlərimizin həyatı üçün örnək olası fərdi-psixoloji məqamlar, vətəndaşlıq və övladlıq duyğuları, insanı düşündürən əxlaqi hisslər tərənnüm olunur.

"Vətən, ay vətən" şeirində də dərd mövzusu ürək mövzusu ilə eyniləşdirilir, maraqlı bir rəmz, dərdin, vətənin və ürəyin birliyindən yeni bir obraz alınır.
A.Bədəlzadənin lirik şeirləri ilə yanaşı, satirik şeirləri Sabiranə tərzdə yazdığı nümunələr də vardır. "Qəribə dünya", "Həqiqət", "Yavaş-yavaş öyrəşirik", "Həyat eşqi" və s. şeirlərdə biz bunun əyani təzahürünü görürük. Onun yaradıcılığında təbiətin də yeri, rolu var. Ağasən Bədəlzadənin poetik üslubu xalq şeir ənənəsindən qidalanan, adi bir məqamı və hadisəni, fakt və detalı mənalandırmağa üstünlük verən mövzu axtarışları, mənəvi-əxlaqi həqiqətlərə düzgün yanaşma, təzə-tər ovqat və həyat sevgisi ilə səciyyələnir. Onun poetik çağırışlarında da insan və zaman, həyat və ölüm, ömür və yol haqqında dəyərli fikir və mülahizələr vardır. Şairin dünya haqqında poetik təsəvvürü də geniş olub işıqlı və nikbin bir ovqata əsaslanır. Bu məqamda xalq şairi B.Vahabzadənin fikri ilə tam şərikik ki, "A.Bədəlzadənin bütün şeirlərinin ruhunda, mahiyyətində sevən bir insanın narahatlığı duyulur".
A.Bədəlzadənin poeziyası işıqlı poeziyadır. O, işıqlı fikirlərini oxuculara aşılayır, onlarda dərin və təsirli təəssürat yaradır, onların hisslərini və duyğularını oyandırır, müəllifin fikir və düşüncələrini oxucusuna şeirsevərlərə doğmalaşdırır. Aforistik mətləblərin təsdiqi də onun şeirinin özəlliyidir.
A.Bədəlzadə rus və dünya ədəbiyyatının ən yaxşı bilicilərindəndir. Hazırda o, dünya və Azərbaycan ədəbiyyatını tələbələrinə sevdirir. Onun qələmə aldığı yazı və məqalələr, dərslik və kitablar da diqqətəlayiqdir. Elmi və elmi-pedaqoji axtarışları ona dünya ədəbiyyatı prosesini düzgün anlamağa, elə bu kontekstdə maraqlı fikir və mülahizələr irəli sürmək imkanı verir.
O, elmi yaradıcılığa Azərbaycan poeziyasının tədqiqi ilə başlayıb. 1960-1970-ci illərdə Azərbaycan poeziyasının inkişaf meyillərini, məzmun və forma özəlliklərini, poema janrının xüsusiyyətlərini araşdırmaq baxımından onun namizədlik dissertasiyası mühüm əhəmiyyətə malikdir.
Ağasənin dövri mətbuatda çap olunmuş yazıları və iki kitabında toplanmış məqalələri müasir Azərbaycan ədəbi prosesini işıqlandıran aktual və dəyərli cəhətləri ilə fərqlənir. O, Nizami və Şirvanşah Axsitanın əlaqələrinə, Ömər Xəyyamın yaradıcılıq irsinə, Avropa klassiklərinə həsr olunmuş yazı və məqalələrin müəllifidir. A.Bədəlzadə orta əsrlər dünya ədəbiyyatına dair bir sıra tədqiqatların rəyçisi və redaktoru olmuş, proqram və dərsliklər barəsində nüfuzlu rəyini bildirmişdir. Şairin bədii tərcümələri, o cümlədən, tacik poeziyasından poetik tərcümələri nəzər-diqqəti cəlb etməkdədir.
Alimin elmi axtarışlarında görkəmli yazıçı və pedaqoq Ağarəhim Rəhimovun yaradıcılığı haqqında "Zamanın üzü, yazıçının sözü", "Qələmin ucu, qılıncın gücü" adlı monoqrafiyaları mühüm yer tutur. O, ilk növbədə, yazıçının "Qüdrətdən doğan nur" əsərini geniş təhlilə cəlb edir və göstərir ki, "A.Rəhimovun əsərində güclü publisistika ilə kövrək lirika bitib-tükənmək bilməyən düşüncələr axarı ilə konkret, sistemli fəlsəfi ümumiləşdirmələr sintez şəklini alır...".
A.Bədəlzadənin poeziya və elm arasında sıx əlaqə yaratmağa qadir olan məqalə və monoqrafiyaları çağdaş ədəbi prosesi öyrənməkdə oxuculara və mütəxəssislərə layiqli kömək göstərir. Onun elmi axtarışları poeziyasına konkretlik və müasir ritm gətirir. Eyni zamanda, poeziyası da elmi axtarışlarını tamamlayır, onlara ciddi bir təkan verir. Buna görə də nəsr və dramaturgiyanın təhlilini verərkən, bu əsərlərdə poetiklik və lirika axtarması da təbii görünür.
Sənətkar şeir və yazılarında güclü qaynaqlardan, böyük şəxsiyyətlərdən qüvvət alır. Xalqımızın belə qiymətli şəxsiyyətləri, yaradıcı, sənətkar və alim simaları çox olmuşdur. Ağasən dünya mütəfəkkirlərini də öyrənən, bilən işıqlı ziyalılarımızdan biridir.

Digər xəbərlər