Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar Britaniya Kitabxanasına hədiyyə edilib
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri cənab Fəxrəddin Qurbanov bu günlərdə Britaniya Kitabxanasında olmuş və kitabxananın İdarəetmə Şurasının Sədri Ser Kolin Lukasla görüşmüşdür. Böyük Britaniyanın kitabxanasında qədim əlyazmalardan ibarət yeni kolleksiya nümayiş etdirilmişdir. Kolleksiyada Nizami Gəncəvinin "Xəmsə"sindən seçmələr, Səfəvi hökmdarı I Təhmasibin və digər əlyazmaların yazıldığı ərazi Azərbaycan göstərilsə də, yazıldığı dilə uyğun olaraq onlar fars əsərləri kimi göstərilmişdir. Səfir qeyd etmişdir ki, bu əlyazmaların yazıldığı dilə uyğun onların fars əsərlərinə aid edilməsi həqiqətə uyğun deyil. Yol verilmiş yanlışlıqlar aradan qaldırılmışdır.
Cənab səfir və kitabxananın İdarəetmə Şurasının Sədri Ser Kolin Lukas M.F.Axundov adına Milli Kitabxana və Böyük Britaniyanın kitabxanası arasında Anlaşma Memorandumunun imzalanmasını tövsiyə etmişlər. Səfir F.Qurbanov Azərbaycan tarixi, iqtisadiyyatı, incəsənəti, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi haqqında kitabları Britaniya Kitabxanasına hədiyyə etmişdir.