"Qarabağ şikəstəsi" adlı sərgisinin açılış mərasimi keçirilib
Tanınmış qrafika ustası, əməkdar rəssam Adil Rüstəmovun Vəcihə Səmədova adına Sərgi Salonunda "Qarabağ şikəstəsi" adlı sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan Rəssamlar İttifaqından verilən məlumata görə, rəssamın Qarabağ mövzusuna həsr etdiyi yeni sərgisi növbəti yaradıcılıq hesabatdır.
Məhsuldar yaradıcılığı ilə Füzuli, Əliağa Vahid, Şəhriyar, Hüseyn Cavid, Məmməd Araz və onlarla digər şairlərin təzadlı poetik dünyasına rəng işığı salan rəssamın tamaşaçılara təqdim etdiyi 30 yeni əsər ağrılı sənətkar yaşantısı, vətəndaş mövqeyinin nümayişidir.
Adil Rüstəmov qarışıq texnikada işlədiyi Qarabağ ünvanlı qrafik lövhələrə ad verməyib. Bu əsərlərin ifadə dili kifayət qədər rəmzi-assosiativ, şərti-metaforik olduğundan kompozisiyaları təşkil edən hər bir detal "danışır".