Əyyub Quliyev Nyu-Yorkun "Olimpiya" simfonik orkestrinə dirijorluq edib
Azərbaycanlı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dünyanın ən nüfuzlu konsert salonlarından olan Nyu-Yorkun "Karnegi holl" zalında konsert vermişdir. Həmin gecə Əyyub Quliyev Nyu-Yorkun "Olimpiya" simfonik orkestrinə dirijorluq etmişdir. Konsert dünyaşöhrətli "Kolumbiya" konsert agentliyi və Sankt-Peterburqun "Musiqi Olimpi" Fondu tərəfindən təşkil olunmuşdur.
"6 parlayan ulduz" adlanan qala-konsertdə Əyyub Quliyevlə bərabər beynəlxalq musabiqələrin qalibləri - İştvan Varday (violonçel - Macarıstan), Jesiq Li (tenor - Koreya Respublikası), Fenq Ninq (skripka - Çin), Yuliya Novikova (soprano - Rusiya) və Yohannes Fişer (zərb alətləri - Almaniya) iştirak etmişlər.
Konsertin proqramında - Motsart, Verdi, Puççini, Maskanyi, Delib və Rimski-Korsakovun operalarından ariyalar və parçalar, həmçinin, Ştraus, Ravel, Çaykovski və Massnenin simfonik və instrumental əsərləri yer almışdır. Qeyd edək ki, Əyyub Quliyev "Karnegi holl" zalında çıxış edən ilk azərbaycanlı dirijordur. "Karnegi holl" 1891-ci ildə istifadəyə verilmiş və həmin səhnədə ilk dəfə dahi bəstəkar P.İ.Çaykovski çıxış etmişdir.