PDF Oxu

Mədəniyyət

  • 19

Bakı neftinə həsr olunmuş sərgi açılıb

Bakı neftinə həsr olunmuş sərgi açılıb
Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahında məşhur İsveç sənayeçiləri ailəsi Nobellərin XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı neftinin hasil olunmasında iştirakına həsr olunmuş sərgi açılmışdır.
Sərgi Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Norveçin "Statoyl" şirkəti, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Bakı Nobel İrsi Bakı Fondunun dəstəyi ilə təşkil edilmişdir.
Avropa Komissiyasının Prezidentlər Zalında keçirilmiş təntənəli mərasimdə Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfiri, ölkəmizin Avropa Birliyi yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov, ARDNŞ prezidentinin müşaviri Murad Heydərov, enerji üzrə Avropa Komissarı Günter Ottinger və İnkişaf məsələləri üzrə Avropa komissarı Andris Pibalqs açılış nitqi söyləmişlər.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin neft strategiyası sayəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, regional əməkdaşlıq və inkişafda qazandığı strateji əhəmiyyəti xüsusi qeyd etmiş, Azərbaycan rəhbərliyinin həyatın müxtəlif sahələrinin hərtərəfli müasirləşdirilməsi üzrə genişmiqyaslı strateji islahatların aparılmasına yönəlmiş səylərini yüksək qiymətlətləndirmiş və diqqəti Nobel ailəsinin Bakıda olduğu dövrlə dünyanın ən böyük enerji korporasiyalarının ölkəmizdə yenidən fəal surətdə işlədikləri hazırkı dövr arasındakı çoxsaylı aydın paralellərə diqqət yönəltmişlər.
Mərasimdə Nobel ailəsinin təmsilçiləri - Filip və Qustav Nobellər, ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov, İsveçin xarici işlər naziri Karl Bildt, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Birliyinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morel, ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar, Avropa Birliyi Şurası, Avropa Komissiyası və parlamenti katibliklərinin rəsmiləri, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elmi-tədqiqat mərkəzlərinin əməkdaşları və jurnalistlər iştirak etmişlər.
Açılışın ardınca keçirilmiş ziyafət zamanı qonaqlar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış sərgi eksponatları, o cümlədən, fotoşəkillər, reproduksiyalar və audio-video təqdimatlarla tanış olmuşlar. Bir ay müddətində davam edəcək sərgi Avropa ictimaiyyəti təmsilçilərinin marağına səbəb olmuşdur.

Digər xəbərlər