"Əhali" ensiklopedik lüğəti nəşr olunub
Demoqrafiya elminin inkişafı, demoqrafik biliklərin praktiki tətbiqi spektrinin genişlənməsi əhali məsələləri sahəsində elmi-kütləvi ədəbiyyatın və tədris-metodik materialların yaradılması zərurətini diktə edir. Demoqrafik biliklərin inkişafına olan belə praktiki tələblər əhali məsələləri üzrə ensiklopedik lüğətin yaranması zərurətini doğurmuş və "Əhali" ensiklopedik lüğəti nəşr olunmuşdur. Bu nəşr Azərbaycanda demoqrafik ədəbiyyatın nəşri sahəsində əhali mövzusunda ensiklopedik lüğətin hazırlanması baxımından ilk təcrübədir. Nəşrdə əhali məsələlərini öyrənən kompleks elmlərin və demoqrafiyanın müasir inkişaf səviyyəsini əks etdirməyə çalışılmışdır. Nəşrin tematik mövzusunun əsasını demoqrafik elmin strukturu təşkil edir. Bununla yanaşı, lüğət, əhali sahəsində universal ensiklopedik nəşr kimi fundamental ictimai elmlərin əsas əhali problematikasını, həmçinin, bu sistemə daxil olan bütün kompleks elmlərin və elmi istiqamətlərin məğzini açmağa xidmət edir. Oxucuların diqqətinə təqdim olunan "Əhali" ensiklopedik lüğəti respublikada ilk nəşrdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş lüğət əhali sahəsində terminologiya üzrə elmi işin məhsuludur. Kitabda dövlət hakimiyyətinin icra və qanunverici orqanları qulluqçularının, elmi işçilərin, praktik mütəxəssislərin, ali məktəb müəllim və tələbələrinin, əhali və demoqrafiya problemlərilə maraqlanan və onları öyrənən şəxslərin gündəlik rastlaşdıqları terminləri və anlayışları sistemləşdirməyə və anlaşılan formada şərh etməyə cəhd göstərilmişdir. Kitab Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun maliyyə dəstəyi ilə tərtib və nəşr edilmişdir.