Gəncə şəhəri 3 min 500 il bundan öncə mövcud olub
Gəncədə aşkar edilən kurqanlar şəhərin tarixinin daha qədim olduğunu göstərir. Gəncə şəhərinin 2503 il yox 3 min, 3 min 500 il bundan öncə mövcud olduğu barədə faktlar aşkar edilib. İlk Gəncə hesab edilən "İmamzadə" türbəsinin yaxınlığındakı qoruq da tapılan və e.ə. 3-cü minilliyə aid edilən kurqanlar şəhərin tarixinin daha qədim olduğunu təsdiqləyir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri Arif Məmmədov məlumat verib.
Onun sözlərinə əsasən, aşkar edilən kurqanlar təsdiq edir ki, bu ərazidə öncələr böyük şəhər olub: "Bu kurqanlar sayına görə Cənubi Qafqazda daha çox Gəncə şəhrində aşkar edilib. Burada təxminən 10 minə yaxın qəbir var. Bu da təsdiq edir ki, həmin dövrdə sözügedən ərazilər iri yaşayış məntəqəsi olub. Ancaq faktları daha da artırmaq üçün arxeoloji qazıntıların genişləndirilməsinə ehtiyac var".