XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, Belorus Respublikasında keçirilmiş XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkəmizdə işıq üzü görmüş kitablar, jurnallar və s. çap məhsulları nümayiş olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 10 kv.m.-lik stenddə 125 adda 140 nəşr məhsulundan ibarət ekspozisiyamız mövzusuna, tərtibatına, nəşrlərin poliqrafik icrasına görə fərqlənmişdir.
Belorus Respublikasının İnformasiya naziri Oleq Proleskovskinin, mədəniyyət naziri Pavel Latuşkonun, müxtəlif vəzifəli şəxslərin və xarici ölkələrin diplomatik nümayəndələrinin, o cümlədən, Azərbaycan Respublikasının Belorusdakı səfiri Əli Nağıyevin iştirakı ilə sərgi-yarmarkanın rəsmi açılış mərasimi olmuşdur. Mərasimdən sonra O. Proleskovski, L.Ananiç, Azərbaycanın səfiri Ə.Nağıyev və digərləri stendimizi ziyarət etmişdir.
17-ci dəfə keçirilən sərgi-yarmarkada ev sahibi Belorusdan əlavə, 25 ölkə təmsil olunurdu. Ümumilikdə isə, eksponantların sayı 619 olmuşdur. Sərgi-yarmarkada hər il bir ölkə fəxri qonaq statusu ilə iştirak edir. Builki tədbirin fəxri qonağı Fransa Respublikası 204 kv.m.-lik ərazidə xüsusi dizaynlı stenddə öz çap məhsullarını sərgiləyir, müxtəlif fransız yazıçı və naşirlərlə görüşlər təşkil edir, maraqlananları milli mətbəxlərindən və ətirlərindən nümunələrə qonaq edirdilər.
Dörd gün ərzində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə aid Azərbaycan, rus və ingilis dillərdəki nəfis tərtibatlı çap məhsulları insanlarda böyük maraq doğurmuşdur. Ölkəmiz haqqındakı müxtəlif jurnallar, turist bukletləri kitabçalar, xəritələr, CD-lər və s. istəyənlərə hədiyyə olunmuşdur. Nümayəndə heyətimiz Azərbaycanda gedən inkişaf prosesindən, quruculuq işlərindən, mədəniyyətimizin qədim tarixindən və bu günündən, eyni zamanda, Qarabağ problemindən ziyarətçilərə bəhs etmiş, əlavə informasiyalar çatdırmışdır.
Sərgi müddətində nümayəndə heyətimiz, eyni zamanda, "P.Brovki adına Belorus Ensiklopediyası"nın direktoru Tatyana Belova və ensiklopediyanın yaradıcı heyəti ilə, "Literatura i Mastatstva" nəşriyyatının direktoru, Belorus Yazıçılar Birliyinin rəyasət heyətinin üzvü Ales Karlyukeviçlə və "Narodnaya asveta" nəşriyyatının direktoru Larisa Minko ilə görüşmüş, həmin nəşriyyatların redaksiyalarında olmuşdur. Kitab sənəti sahəsində gələcək əməkdaşlıq üçün hər iki tərəf müəyyən razılıqlar əldə etmişdir.