PDF Oxu

Mədəniyyət

  • 18

Ağaxan Abdullayevin 60 illik yubileyi qeyd olundu

Ağaxan Abdullayevin 60 illik yubileyi qeyd olundu
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Ağaxan Abdullayevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Filarmoniyanın foyesində xanəndənin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi təşkil edilmişdir. Tədbirdə akademik Vasim Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artistləri Əlibaba Məmmədov, xalq şairi Zəlimxan Yaqub, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva və başqaları çıxış edərək, Ağaxan Abdullayevin muğamlarımızın inkişafı naminə gördüyü işlərdən danışaraq, onun keçdiyi sənət yolundan iştirakçılara məlumat verdilər. Tədbirdə Azərbaycanda milli-mənəvi sərvətlərimizin qorunmasına, eləcə də, muğam sənətinə daim böyük dəstək verilməsindən, Prezident İlham Əliyevin milli sərvətlərimizin qorunması sahəsində gördüyü işlərdən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən geniş təbliğ olunmasından söz açıldı. Bunun nəticəsində son illərdə Azərbaycan muğamları dünyanın hər yerində böyük həvəslə dinlənilir və sevilir. Azərbaycanda muğamlarımızla bağlı yüksək səviyyədə beynəlxalq tədbirlər təşkil edilmiş, neçə-neçə gənc ifaçıların üzə çıxmasına, püxtələşməsinə şərait yaradılmışdır. Bu diqqətin nəticəsi olaraq, bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan milli musiqisinin inkişafındakı xidmətlərinə görə Ağaxan Abdullayev "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir. Nəfis tərtibatda hazırlanmış nəşr xanəndənin həyat və yaradıcılığını əks etdirən albomdan və üç diskdən ibarətdir. Albomda xanəndənin uşaqlıq və gənclik illərindən, muğam sənətinə gəlişinin tarixçəsindən söhbət açılır. Nəşrdəki disklərdə xanəndənin yaradıcılıq yolunu əks etdirən musiqi nümunələri toplanmışdır. Burada xanəndənin ifasında "Rast" dəstgahı, "Bayatı-kürd", "Zabul segah", "Rahab", "Bayatı-Qacar" muğamları, "Humayun" təsnifi və xalq mahnıları yer almışdır. Qeyd edək ki, yubiley mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak etmişlər. Gecədə xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Könül Xasıyeva, Zabit Nəbizadə, Teyyub Aslanov, Simarə İmanova, tanınmış sənətçi Elnarə Abdullayeva və muğam müsabiqələrinin qalibləri çıxış etdilər. Sonda Ağaxan Abdullayev bütün iştirakçılara minnətdarlıq hissini ifadə edərək, Azərbaycan milli musiqisinə göstərilən bu diqqətə görə dövlətimizə, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Yubiley gecəsində sənətkar ifası ilə bir daha muğamsevərlərə öz töhfəsini verdi.

Digər xəbərlər