PDF Oxu

Mədəniyyət

  • 16

"Koroğlu" dastanı yeni variantda işıq üzü görüb

"Koroğlu" dastanı yeni variantda işıq üzü görüb
Məlum olduğu kimi, sovet dövründə Azərbaycan folklorunun bir çox nümunələri, etnik-milli yaddaşın daşıyıcısı olduğu halda, ideologiyaya süni şəkildə uyğunlaşdırılmış və bununla da, həmin nümunələrin milli yaddaşdakı dəyərinə ciddi xələl gəlmişdir.
AMEA Folklor İnstitutunun mətbuat katibi Hikmət Quliyevdən aldığımız məlumata görə, bütün çatışmazlıqları aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun rəhbərliyi altında böyük bir işçi qrupu işə başlamışdır. Nəticə etibarilə, təkcə Azərbaycan deyil, bütün türk dünyası koroğluşünaslığına böyük töhfə olacaq "Koroğlu" dastanının Əli Kamali variantı nəfis tərtibatla işıq üzü görmüşdür. Dastanı çapa institutun əməkdaşı Əli Şamil hazırlamışdır.
Kitabda "Folklorumuzun üfüqləri" başlığı altında institutun direktoru H. İsmayılovun oxuculara müraciəti, yer almışdır ki, burada da layihənin məqsədi, onu doğuran zərurət şərh olunmuşdur. Burada alim folklor materiallarının toplanılmasının qlobal dəyərinə toxunaraq yazır: "Bu layihə, əslində, dünya mədəniyyətinə xidmət etməkdə və yoxa çıxmaqda olan folklor nümunələrini qorumaqla ümumbəşər mədəniyyətinə xidmət deməkdir".
Kitabda "Koroğlu" dastanının "Bu, Koroğlunun Çənlibelə gəlməgidi və Ərəp Reyhanı görməgidir ", "Bu, Koroğlunun dəgirmanda Qıratı Həmzəyə verməgi və onu geri almağıdır", "Bu, Koroğlunun Nigar səfəriydi ki, getdi Nigarı gətirdi ", "Bu, Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi", , "Bu, Koroğlunun Dəmirçioğlu səfəriydi ki, getdi gətirdi", "Bu da, Eyvazın durna səfərinin dastanıydı ki, ərz elədim", "Bu da, Eyvazın Türkmənə getməgidi və ata- anasını toyuna dəvət etməgidi", "Bu dastan Koroğlunun Bolu Sərdarı axtarmağıdı", "Koroğlunun Türkmən səfəri", "Koroğlunun Şilat səfəri", "Aşıq Cümənin Çənilibeldən qaçması" və başqa on altıya qədər başqa qolları yer almışdır.
Dastan folklor materiallarının hazırlanmasının ən yüksək tələb və prinsiplərinə cavab verəcək şərtlər əsasında hazırlanmışdır. Dastanın çapı ilə bizim Koroğlu kitabxanamız içərisinə növbəti fundamental bir nəşr də daxil oldu: "Koroğlu" dastanının Əli Kamali variantı.

Digər xəbərlər