Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib
Yasamal rayonundakı 53 nömrəli orta məktəbdə görkəmli dövlət xadimi, maarifçi və yazıçı Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib.
Orta məktəbin və Nəriman Nərimanovun ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə "N.Nərimanov-140" adlı fotosərgi, ədibin tədqiqat və bədii əsərləri nümayiş etdirilmişdir.
Məktəbin direktoru Firəngiz Həsənova alovlu vətənpərvər, görkəmli dövlət xadimi, yazıçı-dramaturq və publisist Nəriman Nərimanovun həyat və fəaliyyətindən danışmışdır. Xalqımızın maarifləndirilməsində, ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında N.Nərimanovun əvəzsiz xidmətlərini xatırladan natiq, onun istər dram, istərsə də, nəsr əsərlərinin, publisistikasının, məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırmışdır.
F.Həsənova Nəriman Nərimanovun milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində gördüyü işlərdən, xeyirxah əməllərindən söz açmışdır.
Tədbirdə tarix elmləri namizədi Firdövsiyə Əhmədova "N.Nərimanovun həyatı və siyasi fəaliyyəti", filologiya elmləri namizədi Mənzər İbrahimova "Nərimanov və rus ədəbiyyatı", muzeyin direktoru Kamilə Hüseynova "Nərimanov irsinin əhəmiyyəti" mövzularında çıxış etmişlər.
Natiqlər onun ədəbi yaradıcılığından və siyasi fəaliyyətindən geniş söz açmış, vurğulamışlar ki, 55 il ömür sürmüş bu böyük insanın gördüyü əvəzsiz işlər sovet dövründə düzgün araşdırılmamışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra, bu istiqamətdə ciddi işlər görülmüş və arxivlərdə böyük ədiblə bağlı materiallar aşkar edilərək, araşdırılmışdır.
Tədbirdə şagirdlərin çoxsaylı sualları cavablandırılmışdır. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.