Böyük Füzulinin yadigarı Əliağa Vahid-116
Müasir dövrümüzdə Azərbaycanda və Yaxın Şərqdə qəzəlxan-şair kimi şöhrət tapmış Əliağa Vahidin anadan olmasının 116-cı ili tamam oldu. İlkin olaraq, şairin ad günü Vahid adına Kitabxana-Muzeydə qeyd olundu.
Tədbiri giriş sözü ilə Kitabxana-muzeyin müdiri Sədaqət Seyidzadə açaraq, şairin həyat və yaradıcılığına nəzər saldı. Tədbirdə çıxış edən Ramiz Vahidoğlu atasının, oxucu ictimaiyyətinə hələ məlum olmayan məqamlardan söhbət açaraq, ona həsr etdiyi qəzəlini oxudu. O, çıxışının sonunda respublika Prezidenti İlham Əliyev cənablarına və YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ona və ailəsinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Vahid Poeziya Məclisinin sədri Hacı Rafiq Əliyev, Məcməüs-Şüəra ədəbi məclisinin sədri, tarix elmlər doktoru Şahin Fazil, Nizami Muzeyinin əməkdaşı Əkrəm Şamxalov və başqaları çıxış edərək, şairin keçdiyi acılı-şirinli həyat yolundan və eyni zamanda, yaradıcılığından söhbət açdılar. Sonda şairlər İlqar Bizəban, Ağasəlim Səlimov, Elman Qasid şairin qəzəllərini ifa etdilər.
Günün ikinci yarısında isə "Vahid Evi" nəzdində fəaliyyət göstərən "Şəms" Qadınsevərlər Məclisinin təşəbbüsü ilə Əliağa Vahidə həsr edilmiş ikinci tədbir baş tutdu. Tədbiri giriş sözü ilə məclisin sədri Elnarə Şəms açaraq, sözü məclisin üzvü şair Dilşad Araza verdi.
Tədbirdə çıxış edən şair-pedaqoq Ənvər Nəzərli, Hacı Ələmdar Mahir, "Vahid Evi"nin direktoru Vüqar Ağayev çıxış edərək, Əliağa Vahidin lirik və satirik şeirlərindən, onun musiqi dünyasından, vətənpərvərlik mövzusunda qələmə aldığı mövzulardan ətraflı söhbət açdılar. Qeyd olundu ki, şairin mayası musiqi ilə yoğrulmuş qəzəlləri, lirik şeirləri xanəndələrimizin şirin avazlarında, xalqımızın zümzüməsində daim yaşayır və yaşayacaqdır. Onun yaradıcılığına diqqət yetirdikcə, iki xüsusiyyət özünü göstərir: lirik Vahid dahi Füzuli məktəbinin, satirik Vahid isə böyük Sabirin yetirməsidir.
Sonra müğənni Alim Əliyevin rəhbərliyi ilə "Vahid" İnstrumental Ansamblının solistləri İsmayıl Abasov, Sevda Bəxtiyarova və başqaları şairin lirik şeirlərinə və qəzəllərinə bəstələnmiş mahnıları və eyni zamanda, bədii qiraət ustası Həsən Əsədullaoğlu, Əşrəf Hacızadə və başqaları musiqinin müşayiəti ilə şairin qəzəllərini ifa etdilər.
Tədbirin sonunda Elnarə Şəms tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.