Ramiz Quliyev Türkiyəyə səfər edəcək
Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, tarzən Ramiz Quliyev Ankara Dövlət Türk Milli Orkestrinin dəvəti ilə fevralın 19-dan martın 2-dək Türkiyənin Ankara, İstanbul, İzmir və Şanlı Urfa şəhərlərində solo konsertlə çıxış edəcək. Həmin orkestrin müşayiəti ilə Ramiz Quliyevin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, həmçinin, Azərbaycan muğamları səslənəcək.
Konsertlərdə orkestrə Türkiyədə yaşayan həmyerlimiz, istedadlı musiqiçi Abdulla Qurbani dirijorluq edəcək. Türkiyədə, eyni zamanda, Ramiz Quliyevin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dərs vəsaiti kimi nəşr etdirdiyi "Azərbaycan bəstəkarlarının əsərləri" məcmuəsinin təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bərabər, Ramiz Quliyevin Türkiyə ali musiqi təhsil ocaqlarında ustad dərsləri də keçiriləcək.
Türkiyə səfərindən sonra tarzənin İran İslam Respublikasının paytaxtı Tehran və Şiraz şəhərlərində təşkil olunacaq 25-ci Beynəlxalq Musiqi Festivalında iştirakı gözlənilir.