PDF Oxu

Mədəniyyət

  • 13

Zamanı qabaqlayan sənətkar

Zamanı qabaqlayan sənətkar
Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar Qara Qarayevə həsr olunmuş "Qara Qarayev tələbələrinin xatirəsində" kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən Bəstəkarlar İttifaqının idarə heyətinin sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, Qara Qarayev dünya musiqi mədəniyyəti üçün əvəzsiz töhfə hesab edilən əsərlərin müəllifi olmaqla yanaşı, həm də böyük pedaqoq idi. O, 40 illik pedaqoji fəaliyyəti dövründə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda ustad kimi tanınan onlarla bəstəkar və musiqişünas yetişdirib. Tələbələri Qara Qarayevi həm müəllim, həm də insan kimi həmişə böyük hörmət və ehtiramla yad ediblər. Təqdim olunan kitab da elə bu hörmətin əlamətidir.
Mədəniyyət və Turizm Nazirliyinin çap etdirdiyi kitabda böyük şəxsiyyətlərin, o cümlədən, ümummilli lider Heydər Əliyevin Qara Qarayev haqqında söylədiyi fikirlər, eyni zamanda, dahi bəstəkarın öz müəllimləri, tanınmış musiqiçilər barədə fikirləri yer almışdır.
Müxtəlif dövrlərdə dahi bəstəkarın sinfini bitirmiş tələbələrinin xatirələrinin belə nəfis kitab-albomda toplanması təkcə sənət adamları üçün deyil, bütün musiqisevərlər üçün qiymətli hədiyyədir. Kitab Qara Qarayevin irsini araşdıranlar üçün də böyük mənbə ola bilər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, kitabın tərtibçisi və redaktoru Nərgiz Şəfiyeva, xalq artisti Ramiz Quliyev, kinorejissor Oqtay Mirqasımov qeyd ediblər ki, Qara Qarayev Avropa musiqi sənətinin ənənələrinə uyğun əsərlər yaratsa da, milli özünəməxsusluğu qoruyub saxlaya biliblər. O, öz sənəti, dünyagörüşü ilə zamanı qabaqlayan sənətkar olmuşdur.
Tədbirdə dahi bəstəkarın əsərlərindən nümunələr səslənmiş, həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

Digər xəbərlər