"Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi II yarımfinalda çıxış edəcək
Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi mayın 27-də II yarımfinalda çıxış edəcək.
Mayın 25-də keçiriləcək I yarımfinalda Serbiya, Finlandiya, Rusiya, Yunanıstan, Slovakiya, İslandiya, Malta, Bosniya və Herseqovina, Moldova, Portuqaliya, Latviya, Belarus, Belçika, Polşa, Albaniya, Makedoniya və Estoniya, II yarımfinalda isə Azərbaycan, Litva, İsveçrə, Gürcüstan, Türkiyə, İrlandiya, Sloveniya, İsveç, Ukrayna, Niderland, Bolqarıstan, Xorvatiya, Danimarka, Kipr, Rumıniya, İsrail və Ermənistan finala vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.
Püşkatma mərasimində o da məlum olub ki, mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququ qazanan böyük dördlük - Fransa, Böyük Britaniya, Almaniya və İspaniya, eləcə də builki müsabiqəyə ev sahibliyi edəcək Norveçin hansı yarımfinalı nümayiş etdirəcəklərinə də aydınlıq gətirilib. Mayın 25-də keçiriləcək I yarımfinalı televiziya ilə göstərmək hüququnu İspaniya və Almaniya qazanıblar. Məhz bu ölkələr yarımfinalda çıxış edəcək təmsilçilərə səs verə biləcəklər. II yarımfinalı nümayiş etdirmək və səs vermək isə Norveç, Böyük Britaniya və Fransaya həvalə olunub.
Qeyd edək ki, bu ilin mayında Osloda keçiriləcək "Eurovision-2010" müsabiqəsi "Telenor Arena"da təşkil ediləcək. Müsabiqədə ümumilikdə 39 ölkə təmsil olunacaq.