Budapeşt Şəhər Kitabxanasında Azərbaycan günü keçirilib
Szabo Ervin adına Budapeşt Şəhər Kitabxanasında Azərbaycan günü keçirilib. Hələ tədbirdən bir ay əvvəl kitabxanada Azərbaycanın Macarıstandakı səfirliyinin macar dilində nəşr etdirdiyi və kitabxanaya hədiyyə verdiyi 20-yə yaxın kitabdan, Azərbaycan mədəniyyətini, Bakının tarixi və görməli yerlərini əks etdirən təsvirlərdən ibarət sərgi təşkil olunub. Sərgi fevralın sonuna qədər davam edəcək.
Azərbaycan gününü giriş sözü ilə açan kitabxananın direktoru tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirmiş, kitabxanada Azərbaycanla bağlı təşkil olunmuş sərginin oxucularda böyük maraq doğurduğunu vurğulayıb.
Tələbələrin, müəllimlərin, kitabxana işçilərinin, Azərbaycanla maraqlanan oxucuların iştirak etdikləri tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, Azərbaycan-Macarıstan əlaqələri və xalqlarımızın tarixi qohumluq kökləri haqqında ətraflı məlumat verən səfir tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonra iştirakçılara Azərbaycan mövzusunda hazırlanmış testlər təklif olunub. Testin yoxlanılması nəticəsində suallara düzgün cavab verən 7 nəfər müəyyənləşdirilmiş və onlara səfirliyin xatirə hədiyyələri təqdim olunub.