"Ruslara Azərbaycan və azərbaycanlılar haqqında" kitabının təqdimatı keçirilib
Moskvada, Prezident-hoteldə tanınmış Rusiya tarixçisi Aleksandr Qoryaninin və ictimai xadim Aleksandr Sevastyanovun "Ruslara Azərbaycan və azərbaycanlılar haqqında" kitabının təqdimatı keçirilib. Təqdimatı Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti təşkil etmişdir.
Müəlliflər öz çıxışlarında bildirmişlər ki, həmin kitab Rusiya ictimaiyyətində mövcud olan bir çox mifləri sadə və anlaşılan formada təkzib edərək, Azərbaycan tarixinə və Azərbaycan-Rusiya münasibətlərinə dair ən maraqlı və məlumatlı dərsliklərdən birini Rusiya oxucusuna təklif edir. Müəlliflərin fikrincə, kitabda hətta ən hazırlıqlı adamların bilmədiyi bir çox mühüm qərarların qəbul edilməsi, rusların və azərbaycanlıların gündəlik ünsiyyəti üçün faydalı ola biləcək çoxlu maraqlı informasiya vardır. A.Qoryanin demişdir: "İki xalq arasında dostluq və müttəfiqlik- bu, həmin münasibətlərin hər iki tərəf üçün qarşılıqlı faydalı və ümdə məsələ olduğuna inanan kitab müəlliflərinin son məqsədidir. Kitab siyasətçilər və xarici işlər sahəsində çalışan dövlət qulluqçuları, eləcə də tarixçilər və sadəcə, maraqlanan oxucular, xüsusən, gənclər üçün nəzərdə tutulmuşdur. Axı gələcəyimizi məhz gənclər qurur. Odur ki, quruculuq işlərində gənclərin düzgün istiqamətlənməsi çox vacib məsələdir".
A.Sevastyanovun sözlərinə görə, rus yazıçılarının tarixi obyektiv qiymətləndirmək cəhdi Cənubi Qafqazın tarixi və regiondakı siyasi vəziyyətlə maraqlanan hər kəs üçün faydalı olacaqdır. O, ümidvar olduğunu bildirmişdir ki, kitabla tanışlıq rusların və azərbaycanlıların həqiqətən səmimi yaxınlaşmasına kömək edəcəkdir.