C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının veb-saytı (
www.ryl.az) zənginləşdirilmiş və sayta yeni bölmələr və məlumatlar daxil edilmişdir: gənclər hərəkatı, aktual mövzular, təhsil. Aktual mövzular bölməsində gəncləri maraqlandıran aşağıdakı mövzular haqqında məlumatlar verilmişdir: insan hüquqları, narkomaniya, QİÇS, ekologiya, korrupsiya, dünya iqtisadi böhranı, ipoteka. Saytda hər ay teatr və konsert müəssisələrində gedən tamaşaların repertuarı da öz əksini tapır.
Veb-saytda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə dair imzaladığı sərəncamlar, habelə, Prezident İlham Əliyevin mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyərlər haqqında kəlamları verilmişdir.
Sayta yerləşdirilən ən maraqlı məlumatlardan biri kitabxananın nəzdində fəaliyyət göstərən İctimai - Hüquqi İnformasiya Mərkəzi haqqındadır. Sözügedən saytda istifadəçilər Azərbaycan tarixi, dövlət rəmzləri, Dağlıq Qarabağ problemi, Azərbaycanın turizm gözəllikləri haqqında məlumatlara da əldə etmək olar. Hacıqabul rayon Mərkəzi Kitabxanasının saytında (
www.haciqabul-mks.az) kitabxana və onun şöbələri haqqında, habelə, kitabxanaya daxil olan yeni kitablar haqqında məlumat verilir. Eyni zamanda, saytda rayonun tarixi və görkəmli şəxsləri haqqında məlumatlar verilir. Sözügedən saytdan birbaşa Mədəniyyət və Turizm Nazirliyi, Prezident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının saytına daxil olmaq mümkündür.
Gəncə şəhər Mərkəzi Kitabxanasının veb-saytında (
www.gencekitab.az) Gəncə şəhərinin tarixi, abidələri, kitabxana tərəfindən keçirilən tədbirlər öz əksini tapmışdır. Kitabxananın nəzdində 2008-ci ilin may ayından fəaliyyət göstərən Amerika mərkəzi haqqında qısa məlumat verilib. Kitabxananın saytında qeyd olunur ki, kitabxananın sorğu-informasiya xidməti şöbəsində oxucuların istifadəsinə "Rusiya Federasiyasının qanunvericilik bazası" təqdim olunur. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (
www.ryl.az) kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində işlər aparmış, kitabxananın elektron kataloqu və elektron kitabxanası Azərbaycan gənclərinə təqdim edilmişdir. Elektron kitabxanada, əsasən, Azərbaycan - Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ həqiqətləri, Xocalı faciəsi haqqında xarici müəlliflərin kitabları, habelə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş Azərbaycan dilində latın qrafikalı kitabların tam mətni yerləşdirilmişdir. Elektron kitabxanada kitablar əlifba sırası ilə verilmişdir.