“Təməldən əmələ” kitabının təqdimatı keçirilib
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Universiteti pedaqogika kafedrasının müdiri, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin "Aspoliqraf LTD" MMC nəşriyyat-poliqrafiya mərkəzində nəşr olunmuş "Təməldən əmələ" kitabının təqdimatı keçirilib.
Kitabda "Balacalar üçün yazmaq şərəflidir", "Əsərlər, rəylər", "Axtarışlar, mülahizələr", "Xatirələr, təəssüratlar" və "Müsahibə" bölmələrində alimin 80-ə yaxın məqaləsi, ədəbi-bədii əsərlər haqqında rəyləri, ünsiyyətdə olduğu elm və sənət adamları haqqında təəssüratları toplanmışdır. Alimin Mikayıl Rəfili, Nazim Hikmət, Nəriman Süleymanov, Vəli Məmmədov və Hidayətlə bağlı xatirələri, Türkiyə və İrana səfər təəssüratları kitabda yer almışdır. Kitabxananın direktoru Tahir Sadıqov, filologiya elmləri doktoru Fərrux Rüstəmov, tarix elmləri namizədi Ülviyyə Ağayarova, telejurnalist Kamil Məhərrəmoğlu və başqaları amalı əməlində görünən bu insanın yaradıcılığı haqqında söhbət açmış, onun gözəl alim, qayğıkeş ailə başçısı, səmimi dost olmasından danışmışlar.
Sonda Ə.Ağayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.