“Eurovision-2010”-da iştirak edəcək təmsilçimizin seçilməsi üçün münsiflər heyəti yaradılıb
Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision-2010" müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 2-də keçiriləcək yarımfinal mərhələsinin münsiflər heyətinin tərkibi müəyyənləşmişdir.
"Eurovision" müsabiqəsinin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Tahir Məmmədovun sözlərinə görə, münsiflər heyətinin tərkibi artıq məlum olsa da, onun yarımfinaldan əvvəl açıqlanması məqsədəuyğun sayılmamışdır. Bu, seçim zamanı obyektivliyi qorumaq məqsədi daşıyır. Milli münsiflərin tərkibi məhz fevralın 2-də yarımfinal konsertində elan ediləcək.
T.Məmmədov bildirib ki, fevralın 2-də "Buta" sarayında keçiriləcək milli yarımfinal konsertində əvvəlcədən deyildiyi kimi, ancaq münsiflər heyətinin səsləri nəzərə alınacaqdır. Həmin gün yarımfinalda çıxış edəcək 6 namizəd arasından üçünün finala keçməsi nəzərdə tutulur. İTV rəsmisi "Eurovision-2010" müsabiqəsində Azərbaycan təmsilçisinin fevralın son günlərində məlum olacağını da vurğulamışdır. "Eurovision-2010" müsabiqəsində Azərbaycan təmsilçisinin adı məlum olduqdan sonra bəstəkarlar arasında həmin müğənni üçün mahnı müsabiqəsi elan olunacaq.
Qeyd edək ki, fevralın 2-də "Buta"da keçiriləcək milli yarımfinal konsertində 6 namizəd - Azad Şabanov, Məryəm Şabanova, Səfurə Əlizadə, Ülviyyə Rəhimova, Elli Miçiyeva və "Milk&Kisses" qrupu hazırladıqları xüsusi nömrə ilə çıxış edəcəklər. Həmin gün namizədlərlə bərabər tamaşaçılar qarşısında "Eurovision-2009" müsabiqəsinin qalibi Aleksandr Rıbak, "Eurovision-2009" müsabiqəsində Azərbaycanı təmsil etmiş Aysel Teymurzadə və bir neçə il bundan əvvəl sözügedən müsabiqənin qalibi Ruslana çıxış edəcəklər.