PDF Oxu

Mədəniyyət

  • 12

Türkdilli əlyazmalar kataloqunun ikinci cildi çap olunub

Türkdilli əlyazmalar kataloqunun ikinci cildi çap olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İstitutunda saxlanılan türkdilli əlyazmalar kataloqunun ikinci cildi çap olunub. İnstitutdan bildirmişlər ki, "Nurlan" nəşriyyatında işıq üzü görən bu cildə Azərbaycan, türk, özbək, tatar, qumuq, türkmən və sair dillərdə yazılmış poetik əsərlər daxil edilib. Kataloqda XIII-XIV əsrlərdə yaranmış müştərək Azərbaycan-Türkiyə abidələrindən başlayaraq, XX əsrin əvvəllərinə aid olan 431 əlyazma haqqında məlumat toplanmışdır. Maraqlı cəhətlərdən biri budur ki, həmin əlyazma kitablarından bir neçəsi böyük özbək şairi Nəvai ilə Füzulinin əsərlərindən ibarət müştərək toplulardır. Bu onu göstərir ki, Azərbaycan və özbək xalqları arasında ədəbi əlaqələrin kökləri qədim tarixə malikdir. Yeni nəşrdə maraq doğuran məsələlərdən biri də kataloqda Azərbaycan şairləri Nəsimi, Kişvəri, Xətai, Füzuli, türk şairləri Baqi, Nabi, Naili, özbək şairi Nəvai, türkmən şairi Məhdumqulu və başqalarının divanları haqqında məlumatların daxil edilməsidir. Kataloq klassik türkdilli poeziyanın tədqiqi ilə məşğul olan mütəxəssislər üçün əhəmiyyətli mənbə rolunu oynaya bilər. Yeni nəşrin redaktoru və tərtibçisi filologiya elmləri doktoru Məmməd Adilov, ön sözün müəllifi filologiya elmləri namizədi Paşa Kərimovdur.

Digər xəbərlər