“Sevgi və ölüm” baleti Yekaterinburq Akademik Opera və Balet Teatrında səhnələşdirilib
Rusiya Mədəniyyət Nazirliyi, Moskva hökuməti, "Zolotaya maska" milli teatr mükafatı və festivalı "Ən yaxşı tamaşalar" proqramı çərçivəsində tanınmış Azərbaycan bəstəkarı, xalq artisti, professor Polad Bülbüloğlunun "Sevgi və ölüm" baletini təqdim edir.
Balet 2009-cu ilin iyulunda Rusiyanın aparıcı teatrlarından biri - Yekaterinburq Akademik Opera və Balet Teatrında səhnələşdirilmişdir. Maraqlı ideya və səhnə təcəssümünə malik tamaşa Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələri layiqincə davam etdirmişdir.
Bəstəkarın bir neçə ilə ərsəyə gətirdiyi balet "Dədə Qorqud" qəhrəmanlıq eposu əsasında yazılmışdır. Təxminən 1300 illik tarixi olan "Dədə Qorqud" dastanı haqlı olaraq dünya yazılı ədəbiyyatının incisi sayılır. Dastan YUNESKO-nun qeyri-maddi mənəvi irs siyahısına daxil edilmişdir. Baletin səhnə həyatı 2005-ci ilin dekabrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından başlamışdır. Sonra Rusiyada Azərbaycan Mədəniyyəti ili çərçivəsində balet Moskva Böyük Teatrında və Peterburq Mariya Teatrında uğurla nümayiş etdirilmişdir. Yekaterinburq Teatrının tamaşası Moskvada bəstəkar Polad Bülbüloğlunun 65 illik yubileyi münasibətilə fevralın 3-də nümayiş etdiriləcəkdir. Tamaşanın xoreoqrafı və quruluşçu rejissoru, habelə, librettonun müəllifi Rusiyanın əməkdar incəsənət xadimi, Samara Akademik Opera və Balet Teatrının baş baletmeysteri Nadejda Malıgina, dirijoru isə Yekaterinburq Teatrının baş dirijoru Fabio Manstranjelo, rəssamı Rusiyanın əməkdar rəssamı, SSRİ Dövlət mükafatı laureatı İqor İvanovdur.