PDF Oxu

Mədəniyyət

  • 5

Əlyazmaların və arxiv materialların digital disklərə yazılması işinə başlanılıb

Əlyazmaların və arxiv materialların digital disklərə yazılması işinə başlanılıb
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda 2009-cu ildə "Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin (türkdilli, farsdilli, ərəbdilli əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin) toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği" istiqamətində "Mətnşünaslıq, elmi-tənqidi mətnlərin tərtibi, ilkin mənbələrin tədqiqi və nəşri", "Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri" və "Yazılı materialların dezinfeksiya və konservasiyası. Stasionar və səyyar sərgilərin təşkili" adlı 3 problem üzərində iş aparılmışdır. İnstitutun məlumatına istinadən, biblioqrafiya və xidmət şöbəsində dahi Füzulinin biblioqrafiyası təkmilləşdirilərək, nəşrə hazırlanmışdır.
Şəxsi arxivlərin tədqiqi şöbəsində Rəşid bəy Əfəndiyevin şəxsi fondunun nəşrə hazırlanması istiqamətində iş aparılmış, şəxsi arxivlərdəki paremioloji vahidlərin tədqiqi davam etdirilmişdir. İnstitutun tərcümə və informasiya şöbəsində tibb tarixinə aid Mir Məhhəməd Möminin fundamental "Töhfətül-möminin" əsəri tərcümə edilmişdir.
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsində Əhməd ibn Mustafa Taşköprülüzadənin "Əş-Şəqaiqün-nümaniyyə" təzkirəsinin ərəb dilindən tərcüməsi, adı tarixin dərin qatlarında itib-batmış Azərbaycan dilçisi, Ərəbistanda yaşayıb-yaratmış Əbu Übeydə Məmər bin əl-Müsənna ət-Teyminin "Müntəxəbül-lüğə" əsərinin tədqiqi uğurla başa çatdırılmışdır.
Nəhayət, institutda əlyazmaların və arxiv materiallarının digital disklərə yazılması işinə başlanılmışdır. 4000-dən artıq əlyazma haqqında Azərbaycan, ingilis və ərəb dillərində kompyuter-informasiya bankı hazırlanmışdır. İnstitutda artıq ötən ildən şəxsi arxivlərin də diskə köçürülməsinə başlanılmışdır. 2009-cu ildə Azərbaycanın görkəmli ədiblərindən biri Yusif Vəzir Çəmənzəminlinin arxivi tam olaraq diskə köçürülmüşdür.

Digər xəbərlər