Azərbaycan Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar”ı
Azərbaycan mədəniyyət və incəsənətinin inkişafında, onun formalaşmasında rolu olan böyük sənətkarlar nəsillərə örnək ola biləcək yaradıcılıq yolu keçmiş və hər birinin məxsusi məktəbi yeni sənət xadimlərinin yetişməsinə yol göstərən olacaqdır. Belə sənət fədailərinin kifayət qədər sayı olsa da, hər biri fərdi insan kimi yaddaşlara öz izlərini salmışlar.
Belə insanların həyat və fəaliyyətini işıqlandıran yeni bir kitabın ərsəyə gəlməsi dövlət tərəfindən Azərbaycan sənətinə verilən qiymətin təzahürüdür. Bu günlərdə işıq üzü görən "Sönməyən ulduzlar" adlı kitab Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycan Yaradıcılıq Fondunun "Unudulmaqda olan və hazırda maddi və mənəvi dəstəyə ehtiyac duyan mədəniyyət xadimlərinin səhnə həyatını yaşatmaq" layihəsi çərçivəsində çap edilmişdir. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullanın redaktəsi ilə çap olunmuşdur. Kitaba daxil olan oçerklər Azərbaycan mədəniyyət və incəsənətinin inkişafına ömrünü həsr etmiş yaradıcı insanların fəaliyyətindən bəhs edir. Bəsti Əlibəylinin müəllifi olduğu "Sönməyən ulduzlar" kitabı eyniadlı assosiasiyasının üzvlərinin yaşanılan sənət yolunun səhifələrini əks etdirir. Kitaba ön söz yazan Kamal Abdulla "Onları unutmaq olarmı?!" sərlövhəli yazıda Azərbaycan ilk humanitar xeyriyyəçi, qeyri-hökumət təşkilatı olan fondun fəaliyyətinin genişləndiyini və bunun nəzdində "Sönməyən ulduzlar" assosiasiyasını, eyniadlı ictimai teatrın, konsert briqadasının, "Məcməuş-şüara" ədəbi məclisinin olduğunu qeyd edir. Fondun işığına yığışmış çoxsaylı sənət adamlarının potensialının nəticəsi olaraq, burada bir sıra klassik tamaşalar oynanılmış, xalq tətbiqi sənəti sərgiləri, konfranslar, yaradıcılıq gecələri keçirilmişdir.
Hələ 1995-ci ildə fondun nəşr etdirdiyi "Füzuliyə məhəbbətlə" adlı kitab ulu öndər Heydər Əliyevin sərəncamı və ayırdığı vəsait hesabına işıq üzü görmüşdür. Hüseyn Cavidin 120 illik yubileyi ilə əlaqədar olaraq, 3 cilddən ibarət olan ikinci kitabın nəşri də bu ənənənin davamı kimi əks-sədaya səbəb olur. Fondun fəaliyyətinin nəticəsi olaraq, adını qeyd etdiyimiz kitablar da, məhz bu təşkilatın məqsədli fəaliyyətinin bir təzahürü kimi ortaya çıxmışdır. Kitabda "Şərəf imtahanı" oçerkində "Sönməyən ulduzlar" teatrına rəhbərlik edən və ömrünü Azərbaycan teatr sənətinin inkişafına həsr etmiş Məmmədkamal Kazımovun gənclik dövründən ta ömrünün sonuna qədər keçdiyi səhnə həyatının məqamları diqqətə çatdırılır və burada - fondda klassik tamaşalar "Vaqif" və "Solğun çiçəklər" pyeslərinə yozum verərək, səhnə fəaliyyətinin, demək olar ki, üçüncü bir dövrünü yaşamışdır. Səhnədə irili-xırdalı müxtəlif xarakterli obrazlar yaratmış, Azərbaycan Televiziyasının istehsal etdiyi 20-yə qədər filmdə çəkilmiş, 40-dan çox tamaşaya müstəqil quruluş vermiş, bir o qədər də tamaşada 2-ci və birgə rejissor işi görmüş, "Vaqif" kimi klassik tamaşanı üç dəfə bərpa etmiş sənətkarın milli mədəniyyətimizdəki yeri şərəfli bir səhifə kimi kitabda əksini tapmışdır. Əməkdar mədəniyyət işçisi Cahangir Aslanoğlunun rejissor, aktyor və yazıçı kimi yaradıcılıq tərcümeyi-halından ştrixlər "Gülə-gülə" adlı oçerk də diqqəti cəlb edir. Burada ibtidai təhsilini görkəmli maarifçi Süleyman Sani Axundovun məktəbində alan, zaman-zaman sənət məktəblərinin pillələrindən gəlib keçən Cahangir Aslanoğlunun sənət dünyasının qapalı və aydın olan tərəfləri qələmə alınaraq, onun duzlu-məzəli həyat palitrasından lövhələr verilmişdir. Bu lövhələrin hər birində böyük sənətkarın sənətlə bağlı sevgisi və onun Azərbaycanın hüdudlarından kənarda tanınması və sevilməsi kimi məqamlar diqqətdən kənarda qalmır. Müxtəlif sahələrdə yaradıcılıq yolunu işıqlandıran və ömrünün hər anını sənətlə bağlayan sənətkarın, hətta yazıçılıq xüsusiyyətləri də səciyyələndirilir, onun "Qabrova lətifələri" adlı kitabının da çapdan çıxdığı qeyd olunur. "Dönüş və ya aktyor, rejissor tandemi", "Gözəllik missiyası", "Xarakterik rollar ustası", "Yaradıcılıqda son söz yoxdur", "Adsız ünlü", "Səhnə - könül qazanmaq işi", "Etalon", "Qatar"la tanınan xanəndə", "Qu nəğməsi", "Ötən günə gün çatarmı", "Zamansız həqiqət", "Tükənməyən sənət sevgisi" kimi başlıqlı oçerklərdə Azərbaycan teatr sənətinin görkəmli nümayəndələrinin keçdiyi ömür yolundan bir körpü salınır. Bu körpü vasitəsilə Azərbaycan milli teatrına novatorluq gətirmiş, öz yozum və ifaları ilə sənəti şaxələşdirmiş və zənginləşdirmiş, insanların fəlsəfi, əlçatmaz olan yaradıcılıq irsi tətbiq və tədqiq olunur. Bu, oçerklərdən Leyla Bədirbəyli, Tükəzban İsmayılova, Tövhə Əliyeva, Muxtar Avşarov kimi sənət fədailərinin ömür karvanının sənət taleyi gəlib keçir.
Kitabdakı rəqs bölümündə isə rəqs dünyamızın şahzadəsi kimi qəbul etdiyimiz ilk professional ifaçı Əminə Dilbazinin, Şəfiqə Hənifəyevanın, Roza Cəlilovanın rəqqasəlik məharətindən, onların Azərbaycandan kənarda belə milli rəqsimizin mahir ifaçısı kimi tanınmalarından söz açılır. Bir çox festivallarda iştirak edən və vətənimizə müxtəlif mükafat və medallarla dönən bu sənət xadimlərinin yaradıcılıq yollarından əxz edilən məqamlar önə çəkilərək, belə sənətkarlara dövlət tərəfindən hər zaman dəstək göstərildiyi vurğulanılır. Ədəbiyyat bölməsində isə şair Rövzətin poeziya dünyasının çalarları, rəngləri əks olunmaqla, onun klassik ədəbiyyatımızın inkişafındakı xidmətindən, həyat və cəmiyyətlə bağlı olan fəlsəfi anlayışlara özünəməxsus yozum, çalar verməsindən söz açılır. Uzun illər "Sönməyən ulduzlar" assosiasiyasının üzvü və qonağı olmuş, buradan ömrünün kamillik dövrünün yeni səhnə həyatını yaşamış insanların yaradıcılıq şaxələrinin istiqamətindən, eləcə də, cavanlıq eşqi ilə döyünən ürəklərinin yenidən səhnədə özünə istilik tapmasından söz açılır. Təbii ki, sənətkar üçün ömrün sənətdən kənarda yaşaması faciə tək qəbul olunur. Azərbaycan Yaradıcılıq Fondunun təşəbbüsü ilə buraya cəm olunan, adlarını qeyd etdiyimiz və digər onlarla sənətkarların, demək olar ki, sonuncu sənət yolu, səhnə qatarı məhz buradan gəlib keçmiş və keçməkdədir. Böyük həvəslə, sənət eşqi ilə buraya toplaşan assosiasiyanın üzvləri yaradıcılıq axtarışlarının davamını məhz burada davam etdirir. Bu kitab da məhz belə insanların sənət yolundan, onların keçdiyi ömür yolundan oxuculara bəhs edir və çox dəqiq məlumatları sənətsevərlərə çatdırır.