Rəsədxananın yaranmasının 50 illiyi qeyd olunacaq
Bu il Azərbaycan Astrofizika Rəsədxanasının yaranmasının 50 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə bu ilin sentyabr ayının ikinci yarısında rəsədxananın yerləşdiyi Şamaxı şəhərində beynəlxalq konfransın keçirilməsi, bundan başqa rəsədxananın 50 illik fəaliyyətinin elmi nailiyyətlərini özündə əks etdirən elmi məcmuənin buraxılması nəzərdə tutulur. Məcmuə 2 hissədən - elmi və bədii hissədən ibarət olacaq. Məcmuənin elmi hissəsində rəsədxananın elmi nailiyyətlərini özündə əks etdirən materiallar, bədii hissəsində isə rəsədxananın veteran əməkdaşlarının qələmə aldıqları memuarlar, şeirlər əks olunacaq. Bəs 50 illik fəaliyyəti dövründə ŞAR-ın qazandığı ən böyük elmi nailiyyət nə olub? Bu müddət ərzində rəsədxana tərəfindən 1000-ə yaxın ulduzun spektral xüsusiyyətləri öyrənilib, onlarla qalaktikanın, planetar dumanlıqların fiziki xüsusiyyətləri tədqiq olunub, planetlərin və onların peyklərinin sistematik müşahidələri aparılıb, Günəş sisteminin kiçik cisimlərinin mənbəyi barədə keyfiyyətcə yeni nəzəriyyələr işlənib. Günəş fizikasının ayrı-ayrı problemləri üzrə və Günəş-Yer əlaqələrinin öyrənilməsində maraqlı nəticələr əldə olunub. Astronomiya tarixi üzrə müvafiq irsin araşdırılmasında dəyərli əsərlər yaradılıb.