PDF Oxu

Mədəniyyət

  • 27

Klassik musiqi həvəskarları klubunun növbəti görüşü

Klassik musiqi həvəskarları klubunun növbəti görüşü
Niyazinin Ev-Muzeyində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi nəzdindəki klassik musiqi həvəskarları klubunun növbəti tədbiri keçirildi. Növbəti tədbirdə respublikanın xalq artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayev iştirak edirdi.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, artıq ənənə halını almış bu tədbirlərdə respublikanın tanımış mədəniyyət işçiləri ilə görüşlər keçirdiyini bildirdi. O, qeyd etdi ki, dirijor, pedaqoq, aranjimançı Teymur Göyçayev təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınır. O, on ildən artıqdır ki, Qara Qarayev adına Kamera Orkestrinə rəhbərlik edir. Onun pedaqoq kimi fəaliyyəti yüksək dəyərləndirilir. Teymur Göyçayev altı yaşlı uşaqlardan gələcəyin musiqiçilərini yetişdirir. Həmin uşaqlar yaxşı təhsil alaraq böyüyür və müxtəlif orkestrlərdə fəaliyyət göstərmələrinə baxmayaraq, Teymur Göyçayev yaratdığı orkestrin sıraları möhkəm və istedadlı musiqiçilərdən ibarətdir.
Görüşdə çıxış edən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Dövlət Gənclər Simfonik Orkestrinin direktoru Nazilə Yaqubova Teymur Göyçayevin yaradıcılıq irsinin orijinallığından söz açdılar.
Teymur Göyçayev isə görüş iştirakçılarına onu narahat edən məsələlərdən danışaraq, ölkəmizdə skripka, violonçel, faqot sinifləri üzrə müəllimlərin azlığını vurğuladı. Ustad dərsləri üçün mütləq pedaqoqlar dəvət edilməlidir. Teymur Göyçayev qastrol səfərlərində musiqimizin hamını necə heyran etdiyini xatırladaraq, bildirdi ki, Dövlət Gənclər Simfonik Orkestrinin yaradılması həyatımın ən xoş anlarındandır. Uşaqlarla işləmək, yaradıcılıq ünsiyyətində olmaq insan ruhuna qida verən amillərdəndir. Teymur Göyçayev belə bir orkestrin yaradılmasında Mstislav Rostropoviçin ölkəmizdə uşaq simfonik orkestri yaradılması barədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müraciətindən sonra başlandığını bildirdi. Müxtəlif məktəblərdə baxışa 150 uşaq dəvət olundu, onlardan 50-si seçildi və indi 20 uşaq işləyir.
Orkestr bir çox ölkələrdə çıxış etmiş və hər yerdə yüksək dərəcədə qiymətləndirilmişdir. Teymur Göyçayev hesab edir ki, gələcək onlarındır, çünki onlar istedadlıdırlar və əməksevərdirlər.
"Əgər musiqiçi olmasaydınız, hansı sənəti seçərdiniz" sualına maestro fikirləşmədən cavab vermişdir ki, heç birini. Bəlkə də uşaq bağçasında dayə işləyərdim. Çünki orada uşaqlar vardır.
Görüşdən sonra Dövlət Gənclər Simfonik Orkestrinin ifasında Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səsləndirildi.

Digər xəbərlər