55-ci “Eurovision” müsabiqəsi
2010-cu ilin mayında Osloda keçiriləcək "Eurovision-2010" mahnı müsabiqəsində, Azərbaycan da daxil olmaqla, 39 ölkə iştirak edəcəkdir. Müsabiqənin təşkilatçısı, Avropa Yayım Birliyi (EBU) bu ölkələrin adlarını 2009-cu ilin son günündə açıqlayaraq, yarışmanın rəsmi internet saytında yerləşdirmişdir.
Müsabiqənin internet saytında verilən məlumata görə, mayın 29-da keçiriləcək final mərhələsində, hər il olduğu kimi, böyük dördlük (Fransa, Almaniya, İspaniya, Böyük Britaniya) və müsabiqəyə ev sahibliyi edəcək Norveç birbaşa iştirak hüququ qazanmışdır.
Digər 34 ölkə mayın 25-i və 27-də keçiriləcək yarımfinallarda iştirak edəcək və hər yarımfinaldan 10 ölkə finala vəsiqə qazanacaqdır. "Eurovision-2010" müsabiqəsinin qalibi isə finalda iştirak edəcək 25 ölkə arasından seçiləcəkdir. EBU-dan bildirmişlər ki, martın 22-də 34 ölkədən hansının birinci və ya ikinci yarımfinalda iştirak edəcəyi açıqlanacaqdır.
Müsabiqənin icraçı direktoru Svante Stokselius demişdir ki, 2010-cu ildə keçiriləcək 55-ci "Eurovision" müsabiqəsinin şərtlərində bir sıra dəyişikliklər edilmişdir. Məsələn, həm yarımfinal, həm də final mərhələsində qalibin seçilməsi 50 faiz münsiflərdən, 50 faiz isə tamaşaçılardan gələn səslərlə müəyyənləşdiriləcəkdir. S.Stokselius onu da demişdir ki, dünyada yaşanan iqtisadi böhrana baxmayaraq, "Eurovision" müsabiqəsində 39 ölkənin iştirak etməsi müsabiqəyə olan böyük maraqdan xəbər verir.