Azərbaycan Dövlət Rəqs Ansamblı - 40
Dünyanı gəzən və xarici dövlətlərdə Azərbaycanı təbliğ edən Azərbaycan Dövlət Rəqs Ansamblı bu gün özünün 40 illik yubileyini qeyd edir. Bu zaman kəsiyində milli dəyərlərimizi rəqs elementlərində yaşadan ansambl istər sovet, istərsə də müstəqillik dövründə fəaliyyətini ustalıqla təqdim edərək, xalqa məhz ifasında canlandırdığı musiqi nömrələri ilə ucalıq, gözəllik gətirmişdir.
1970- ci ildə yaradılmış Azərbaycan Dövlət Rəqs Ansamblı 40 il ərzində milli rəqs ənənələrinə əsaslanaraq, Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olmuşdur. Ansamblın əməyi sahəsində öz obrazlılığı, rəngarəngliyi, təbliği və incəliyi ilə seçilən milli rəqs yaradıcılığı son illər xeyli inkişaf etmiş, xarici ölkələrdə də məşhurlaşmışdır. ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstraliya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, Avstraliya, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Braziliya, Kuba, Belçika, habelə, keçmiş SSRİ məkanının bütün respublikaları ansamblın çıxışlarını dəfələrlə yüksək qiymətləndirilmiş, onun ifasının Azərbaycan rəqs sənətinin ən gözəl nümunələri ilə tanış olmuşlar.
Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ xalq artisti Leyla Bəkirova və respublikanın xalq artisti Əlibaba Abdullayev rəhbərlik etmişlər. Məhz bu sənətkarların əməyi sahəsində kollektiv öz repertuarını rəngarəng rəqslərlə zənginləşdirmişdir. Təkrarsız Azərbaycan folklorunun, qədim xalq oyunlarının, milli rəqslərin, rəqs havalarının öyrənilməsi və təbliği sahəsində ansamblın fəaliyyəti təqdirəlayiqdir.
Ansamblın repertuarında Azərbaycan bəstəkarlarının, o cümlədən, Tofiq Quliyev, Cahangir Cahangirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Emin Sabitoğlunun və başqalarının musiqisi əsasında yaradılan rəqslər xüsusilə diqqəti cəlb edir.
Dövlət Rəqs Ansamblı professional kollektivdir. Onun potensial imkanları böyükdür. Ansambl yüksək sənətkarlığa malik olan ifaçılar nəslini yetişdirmişdir. Respublikanın tanınmış rəqs ustaları, müxtəlif fəxri adlara layiq görülmüş Təranə Muradova, Yusif Qasımov, Nəriman Kərimov, Zahir Qasımov, Fərman Məmmədov, Səbinə Qasımova, Rüfət Xəlilov və başqaları bu gün də öz doğma kollektivlərində çalışırlar. 2001-ci ildə tanınmış kollektivin 30 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur.
Milli mədəniyyətimizin inkişafındakı xidmətlərini nəzərə alaraq Dövlət Rəqs Ansamblına 1991-ci ildə "Əməkdar kollektiv" fəxri adı verilmişdir. Professionallardan ibarət olan bu kollektiv bir çox beynəlxalq səviyyəli festivalların, Rusiyada, Ukraynada, Gürcüstanda, Türkiyədə, Avstriyada keçirilən Azərbaycan Mədəniyyət Günlərinin, mədəni proqramaların, dövlət səviyyəli irimiqyaslı tədbirlərin iştirakçısı olmuşdur. O, 1979-cu ildə Beynəlxalq Karfagen Folklor Festivalının qızıl medalına layiq görülmüşdür.