PDF Oxu

Mədəniyyət

  • 14

Kollektiv festivala “O olmasın, bu olsun” operettası ilə qatılacaq

Kollektiv festivala “O olmasın, bu olsun” operettası ilə qatılacaq
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının İranda keçiriləcək 27-ci Beynəlxalq Fəcr Festivalına göndərdiyi videomateriallar və sənədlər Təşkilat Komitəsi tərəfindən qəbul olunub. Teatr bu mötəbər festivalda iştirak etmək hüququ qazanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata istinadən, Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası ilə festivala qatılacaq kollektiv yanvarın 22-si və 23-ü Tehranın ən böyük teatr-konsert salonu olan möhtəşəm Talari Vəhdət Sarayında çıxış edəcək. Tamaşada əsas rolları xalq artisti Arif Quliyev (Hambal), əməkdar artistlər Ramiz Məmmədov (Məşədi İbad), Elçin Həmidov (Qəzetçi Rza), Əkbər Əlizadə (İntiligent Həsən), aktyorlar Ramil Qasımov (Sərvər), Nadir Xasıyev (Rüstəm bəy), Nərgiz Kərimova (Gülnaz), Səmədzadə Xasiyev (Həsənqulu bəy), Əzizağa Əzizov (Qoçu Əsgər), Novruz Qartal (Məşədi Qəzənfər) ifa edirlər. Xalq artisti, görkəmli gülüş ustası Afaq Bəşirqızı isə Sənəm obrazını yaradır. İran, İraq, Niderland, Kanada, Polşa, Ukrayna, Gürcüstan, Tacikistan, Almaniya, Fransa, Macarıstan, Sudan, Pakistan kimi ölkələrin qatıldığı festivalda Azərbaycanın Dövlət Musiqili Komediya Teatrı ilk dəfədir ki, iştirak edir.

Digər xəbərlər