“Akademkitab” oxucuların ixtiyarındadır
Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılıb. Uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır.
Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəsilə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir. Fəaliyyətə başlayan kitab evi təmirə dayandırılmış "Akademkitab" mağazasının yeni ünvanıdır. Ümumi sahəsi 350 kvadratmetr olan bu ərazidə cari ilin fevralından başlanan təmir işləri uğurla başa çatdırılmışdır. Hər il AMEA əməkdaşlarının yüzlərlə kitabı nəşr edilir. Bu yeni kitab evi onlara nəşrlərini geniş oxucu kütləsinə çatdırmağa imkan verəcəkdir.
Qeyd edək ki, bu, akademiyanın ikinci kitab evidir. Yaxın vaxtlarda Naxçıvan və Gəncə şəhərlərində də belə kitab evlərinin açılması nəzərdə tutulur.
Kitab evində ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr edilmiş kitablardan ibarət ayrıca bölmə yaradılmışdır. Ümumilikdə isə, burada 50 minə yaxın kitab vardır. Oxucular yeni açılmış kitab evində elmin bütün sahələrinə dair nəfis şəkildə çap edilmiş kitabları əldə edə biləcəklər.