“Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında” müsabiqə davam edir
Azərbaycan Prezidentinin "Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında" məlum Sərəncamına əsasən Abşeron rayonu Qobu qəsəbəsi ərazisində açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyinin baş planının hazırlanması üzrə müsabiqə davam edir.
Müsabiqəyə təqdim olunacaq layihələrdə milli irsimizin qorunması və gələcək nəsillərə çatdırılması, Azərbaycan xalqının keçmişini və bugününü özündə yaşatmaqla onun milli simasını müəyyən edən xarakterik həyat tərzinin, məişət və mərasim xüsusiyyətlərinin, xalq yaradıcılığı formalarının dolğun mənzərəsinin canlandırılması sahəsində misilsiz əhəmiyyəti olacaq belə bir muzeyin yaradılması gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və tarixi-mədəni dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasına xidmət etməlidir. Muzeyin yaradılması prosesində açıq səma altında muzeylərin təşkili sahəsində dünyanın ən nümunəvi muzeylərinin iş təcrübəsi, etnoqrafik muzeyşünaslıq sahəsində elmin son nailiyyətləri nəzərə alınmalıdır. Gələcək muzeyin sahəsi Azərbaycanın bütün tarixi-etnoqrafik bölgələrini, ümumilikdə, "Miniatür Azərbaycanı" xatırlatmalıdır. Eyni zamanda, itirilmiş etnoqrafik abidələr və predmetlər arxiv sənədləri və fotoşəkillər əsasında bərpa ediləcəkdir. Muzeydə şərti olaraq Azərbaycanın bütün tarixi etnoqrafik bölgələri öz əksini tapmalıdır. Lakin muzeyin leytmotivi vahid Azərbaycan mədəniyyəti olmalıdır. Hər bir bölgə öz təbii-coğrafi şəraitini və etnoqrafik infrastrukturunu əks etdirməklə yanaşı, xalqımızın mədəniyyətini bölgələrə parçalanmış şəkildə deyil, ümumazərbaycan kontekstində nümayiş etdirməlidir. Muzeyin ölkəmizin ərazisinin səmadan görünüşünə uyğun olaraq qurulması və hər bir bölgənin lokal xüsusiyyətlərini qorumaqla yanaşı, ümumazərbaycan xalq mədəniyyətini əks etdirməsi nəzərdə tutulur.
Muzeyin əsas vəzifələrindən biri xalq tətbiqi sənəti növlərinin dirçəldilməsi və inkişaf etdirilməsi, xalq ustalarının üzə çıxarılması, onlara yaradıcılıq şəraiti yaradılması və qayğı göstərilməsi, yaradıcılıq məhsullarının sərgilər vasitəsilə təbliği və satışının təşkili olmalıdır. Muzeyin emalatxanalarında hazırlanan məhsulların ərazidə fəaliyyət göstərən suvenir dükanlarında və respublikamızın turizmin inkişaf etdiyi bölgələrdə satışının təşkili də nəzərdə tutulur.
Azərbaycan Etnoqrafiya Muzeyinin ərazisində əhalinin müxtəlif kateqoriyalarının maraqlarını təmin etməyə qadir olan əyləncə mərkəzlərinin yaradılması məqsədəuyğundur. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinin mətbəxi geniş təmsil olunmalı, yerli əhali və turistlər üçün Azərbaycan mətbəxinin zənginliyi nümayiş olunmalıdır. Ərazidə uşaqlar üçün müasir attraksionlar qurulmalı, gənclər üçün cəlbedici mərkəzlər yaradılmalıdır.
Muzeyin ərazisinin bir hissəsində Azərbaycan xalqının tarix boyu yaratdığı tarixi abidələrin miniatür maketlərinin yerləşdirilməsi tamaşaçıların böyük marağına səbəb olmaqla yanaşı, xalqımızın qədim mədəniyyəti və tarixi barədə tamaşaçılarda müəyyən təsəvvür yaratmağa xidmət edəcəkdir.
Ərazidə muzeyin inzibati binası, fond saxlancları, akt zalları, sərgi salonları, avtomobil üçün dayanacaqlar, xüsusiləşdirilmiş elmi-bərpa mərkəzləri, ictimai-iaşə müəssisələri də ilkin layihələndirmə sənədlərində nəzərdə tutulmalıdır.
Müsabiqəyə işlər aprelin 1-dək təqdim edilməlidir. Müsabiqənin qalibləri üçün hər biri, müvafiq olaraq, 60 min, 40 min və 20 min manat məbləğlərində 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis edilir.