PDF Oxu

Mədəniyyət

  • 12

Səməd Mərdanovun 100 ilik yubileyi qeyd olundu

Səməd Mərdanovun 100 ilik yubileyi qeyd olundu
Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə ilk peşəkar kinorejissor Səməd Mərdanovun 100 ilik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Səməd Mərdanovun kinorejissor kimi milli kino sənətimizin inkişafında əhəmiyyətli xidmətləri olduğunu bildirdi. O, qeyd etdi ki, Səməd Mərdanov kino sənətinə kinorejissora ehtiyac duyulduğu bir zamanda gəlmişdir. Rejissorun tərcümeyi-halına diqqət yetirən Cəmil Quliyev 1909-cu ildə Tbilisidə anadan olan Səməd Mərdanovun ailənin sonbeşiyi olduğunu diqqətə çatdırdı. Gürcüstanın mədəni mühiti Səmədin uşaq dünyasında özünə möhkəm yer tutmuşdu. Elə bir teatr əsəri olmazdı ki, balaca Səməd ona baxmamış olsun. Amma bir xobbisi də dil öyrənmək idi. Artıq o, uşaqlıq illərində gürcü, rus, fransız dillərini öyrənmişdi.
Tədbirdə Səməd Mərdanova həsr edilmiş videofilm nümayiş etdirildi. Mərasimdə əməkdar icəsənət xadimləri kinoşünaslar Aydın Kazımzadə və Ayaz Salayev mərhum sənətkarın həyat və yaradıcılığından, Azərbaycan kinosuna bəxş etdiyi ölməz ekran əsərlərindən söz açdılar. Qeyd olundu ki, 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş Səməd Mərdanov məşhur sovet kino rejissoru S.M.Eyzenşteynin tələbəsi olmuşdur. O, hələ tələbə ikən "Mavi dənizin sahilində" filminin ikinci rejissoru kimi tanınmışdır. 1935-ci ildə ekranlaşdırılan bu filmin əsas rejissoru isə B.Barnet olmuşdur.
Bundan sonra Səməd Mərdanov özü müstəqil surətdə "Kəndlilər" bədii filminə quruluş vermişdir. Bu bədii film Azərbaycan konosunun qızıl fonduna daxil edilmişdir. 1939-cu ildə Bakıda vəfat edən Səməd Mərdanovun yaradıcılıq bioqrafiyası o qədər də zəngin deyildir. Vaxtsız ölüm ona daha böyük uğurlara imza atmağa imkan verməmişdir. Lakin buna baxmayaraq, Səməd Mərdanov milli kino tariximizdə özünə layiqli yer tuta bilmişdir.

Digər xəbərlər