“Uluslararası Koroğlu, Bolu tarixi və kültürü simpozium”
Bu yaxınlarda türk dünyasının görkəmli alimləri beynəlxalq konfransda bir araya gəldilər. Belə ki, Türkiyənin Bolu şəhərində Abant İzzət Baysal Universiteti, AMEA Folklor İnstitutu və Özbəkistan Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun birlikdə təşkil etdiyi "Uluslararası Koroğlu, Bolu tarixi və kültürü simpozium"u öz işinə başladı.
Qeyd etmək lazımdır ki, simpozium icra təşkilatına Abant İzzət Baysal Universitetinin rektoru professor Atilla Kılıç, AMEA Folklor İnstitutunun direktoru professor Hüseyn İsmayılov və Özbəkistan Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun direktoru professor Törə Mirzəyev rəhbərlik edirdi.
Simpoziumun adından da göründüyü kimi, tədbir ümumtürk xəzinəsinin ən mükəmməl nümunələrindən olan "Koroğlu" dastanına həsr olunub.
AMEA Folklor İnstitutunun mətbuat katibi Hikmət Quliyevin "Səs" qəzetinə verdiyi məlumata əsasən, açılış mərasimində çıxış edən Abant İzzət Baysal Universitetinin rektoru Atilla Kılıç müxtəlif ölkələrdən təşrif buyurmuş alimləri salamlayaraq, Koroğlu adının bütün tük dünyasında olduğu kimi Bolu şəhərində də hamıya doğma olduğunu vurğulayıb.
AMEA Folklor İnstitutunun alimləri də simpoziumun gedişində, xüsusilə, fəal iştirak etdilər. Belə ki, simpoziumda iştirak edən Azərbaycan alimlərindən Füzuli Bayat, Firudin Cəlilov, Məhərrəm Cəfərli və Əli Şamil ayrı-ayrı bölmələrdə konfransın gedişinə rəhbərlik etmişlər. Bundan əlavə, Firudin Cəlilovun "Koroğlu - Herakl mifi folklorda", Məhərrəm Cəfərlinin "Koroğlu dastanının mifoloji yöndə araşdırılma tarixi (Azərbaycan təcrübəsi)", Füzuli Bayatın "Koroğlunun xilaskar qəhrəman tipindən ədaləti qoruyan qəhrəmana dönüşü", Ağaverdi Xəlilin "Koroğlu" dastanının tatar-tobol versiyası və arxaik türk eposunun strukturu", Əziz Ələkbərlinin "Koroğlu" dastanı və tarix: İrəvan əyaləti ilə bağlı obraz və motivlər", Elçin Abbasovun "Koroğlu" dastanında savaş ritualının poetik mətn təzahürləri", Əli Şamilin "Koroğlu" dastanında aşıq sərbəstliyi", İslam Sadığın "Koroğlu xarakterinin genetik kodu", yaxud "Koroğlu" dastanının "erməni variantı" haqqında", Nəzakət Hüseynovanın "Ural Batır" və "Koroğlu" dastanlarında at və qılıncın mifik səciyyəsi mövzularındakı çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, geniş mezakirələrə yol açmışdır. Gülnaz Abdullazadə, Elmar Hüseynov, Elxan Məmmədov, Həbibə Məmmədova, Mətanət Əzizqızı kimi tədqiqatçılar da konfransa öz məruzələri ilə qatılmışdılar.
Qeyd etmək yerinə düşər ki, üç gün ərzində təşkil olunmuş bu simpozium türk xalqlarının müştərək abidəsi olan "Koroğlu" dastanının öyrənilməsi işinin nəticələrinin göz önünə gətirilərək incələnməsi, gələcək tədqiqat yönlərinin müəyyən olunması və ən ümdəsi alimlər arasında qarşılıqlı elmi mübadilənin yaranmasına mühüm töhfə verdi.