“Həmrəyliyin onilliyi 1979-1989” adlı tarixi sərginin açılış mərasimi keçirildi
Bakı Slavyan Universitetində Polşa Respublikasının Bakıdakı səfirliyi tərəfindən Mərkəzi-Şərqi Avropada islahatlar həyata keçirilməsinin 20-ci ildönümü ilə əlaqədar həyata keçirilən tədbirlər silsiləsinin çərivəsində "Həmrəyliyin onilliyi 1979-1989" adlı tarixi sərginin açılış mərasimi keçirildi. Açılışda Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev, Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Kamal Abdullayev sərginin təşkilində yaxından köməklik göstərmiş Polşa səfirinə minnətdarlığını bildirdi: "Bu sərgi Polşa Respublikasının müasir tarixini özündə əks etdirir. Mən həm tarixi sərginin açılışı, həm də qarşıdan gələn Yeni il münasibəti ilə universitet kollektivi adından bütün polşalı dostlarımı təbrik edirəm. Arzu edirəm ki, hazırkı əlaqələrimiz necədirsə, Yeni il də elə davam etsin."
Tədbirdə çıxış edən səfiri Kşiştof Krayevski sərginini "Həmrəylik" hərakatının nəticəsində baş vermiş dəyişiklikləri, Polşanın və Mərkəzi-Şərqi Avropanın digər ölkələri arasında azadlığa gətirib çıxaran hadisələrdən bəhs etdiyini diqqətə çatdırdı: "1990-cı ilin yanvarında Bakıda baş vermiş hadisələr mənim çox gözəl yadımdadır. Mən həmişə Şəhidlər Xiyabanında olanda, Azərbaycanın müstəqilliyi uğrunda öz canını qurban vermiş insanlar haqqında düşünürəm. Qoy bizim bu sərgimiz də həmin qəhrəmanların xatirəsinə həsr olunsun. Mən BSU-nun rektoruna minnətdarlığımı bildirirəm."
Sərginin açılışında iştirak etmiş müəllim və tələbələr Universitetin polyak dili mədəniyyəti qarşısında nümayiş etdirilən ekspozisiyaları böyük maraqla seyr etdilər.