Azərbaycan Folkloru Antologiyası seriayasından
AMEA Foklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun rəhbərliyi ilə artıq on altı cildi işıq üzü görmüş Azərbaycan Folkloru Antologiyası seriyasına 2009-cu ildə bir neçə kitab da əlavə olundu. Bunlar bu günə qədər iki cildi toplanılaraq, Azərbaycan folkloru xəzinəsinə daxil edilmiş "Şəki Folkloru Antologiyası" və bundan əvvəl bir cildi çap olunmuş "Zəngəzur Folkloru Antologiyası"dır.
AMEA Foklor İnstitutunun mətbuat katibi Hikmət Quliyevin "Səs" qəzetinə verdiyi məlumata əsasən, hər iki kitab Azərbaycan xalqının mənəvi sərvəti olan folklorunu - onun min illərin yaddaşından süzülüb gələn adət və ənənəsindən tutmuş ən kiçik etnoqrafik yaddaşını əks etdirir.
Nümunələrin qədim türk məskənlərindən olan Şəki və Zəngəzur bölgələrindən toplanılmasına baxmayaraq, bu, ümumilikdə, Azərbaycan xalqının ümumi dəyərlərini, onun özü üçün müəyyənləşdirdiyi yaşam tərzini və normalarını bizə təqdim edir.
Antologiyaların hər ikisinə diqqət yetirsək, görərik ki, burada Azərbaycan folkloru xəzinəsinə daxil olan əmək nəğmələri, inanclar, tapmacalar, atalar sözləri və məsəllər kimi kimi kiçik janrlardan tutmuş əfsanə, rəvayət, nağıl və dastanlar qədər olan bütün janrlar toplanılaraq, oxuculara təqdim olunmuşdur.
Qeyd etdiyimiz kimi, "Göyçə Folkloru Antologiyası" latın qrafikası ilə yenidən işıq üzü görüb. AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun rəhbərliyi ilə Azərbaycan Folkloru Antologiyası seriyasının çapı bir neçə istiqamətdə davam edir. Belə ki, bir tərəfdən ayrı-ayrı regionlarımızdan toplanılmış folklor nümunələri işıq üzü görürsə, digər tərəfdən isə, əvvəllər toplanılaraq, müxtəlif qrafikalarda çap olunmuş materiallar da latın qrafikasında nəfis tərtibatla oxucuların sərəncamına verilir. Təsadüfi deyildir ki, Folklor İnstitutunda bu vaxta qədər 19 folklor antologiyası çap olunmuşdur. Bununla yanaşı, müxtəlif mənbələrdə çap olunmuş ayrı-ayrı nümunələr də latın qrafikasına çevrilərək, çap edilməkdədir.
Bu prosesin məntiqi, davamı olaraq, bu günlərdə Azərbaycan Folkloru Antologiyası seriyasından olan "Göyçə Folkloru Antologiyası" (III cild) latın qrafikası ilə yenidən çap olunmuşdur.
Kitabda Azərbaycanın qədim Oğuz məskənlərindən olan Göyçədən toplanılmış zəngin folklor nümunələri çap olunmuşdur. Kitabda çap olunmuş nümunələrin toplayıcısı filologiya elmləri doktoru Hüseyn İsmayılovdur.
Qeyd edək ki, "Göyçə Folkloru Antologiyası" istər çap olunmuş materialların həcmi, istərsə də, keyfiyyəti baxımından ən zəngin antologiyalardandır. Belə ki, burada Göyçə folkloruna məxsus ən kiçik janrlardan tutmuş (nəğmələr, inanclar, atalar sözü və məsəllər və s.) ən iri janrlara (nağıl, dastan və s.) kimi yer almışdır.
Qeyd edək ki, Azərbaycan Folkloru Antologiyası seriayasından olan "İraq-Türkman Folkloru" cildi də latın qrafikasına çevrilməklə yenidən çapa hazırlanır.