Xalqın ən dəyərli sənət incisi
Mədəniyyət və turizm nazirliyi və Suraxanı rayon icra hakimiyyətinin xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi ilə əlaqədar birgə tədbirlər planına uyğun olaraq, elmi-praktiki konfrans təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə S.Bəhlulzadənin Əmircan qəsəbəsindəki məzarını ziyarət etmiş və qəbri üstünə tər güllər düzüblər.
Rayon icra hakimiyyətinin sərgi qalereyasında təşkil olunmuş sərgi qonaqlarda maraq doğurub.
Sərgidə Azərbaycan Rəssamlıq Akademiyası tələbələrinin Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə təşkil olunmuş müsabiqəyə təqdim etdikləri işlərin ən yaxşıları nümayiş etdirilib. Sərgi ilə tanışlıqdan sonra rayondakı Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans öz işinə başlayıb.
Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Səttar Bəhlulzadənin 100 illik yubileyi ölkəmizin hər yerində, o cümlədən, xarici ölkələrdə və YUNESKO-nun mənzil-qərargahında qeyd olunmuşdur.
Tədbirdə mədəni irsimizin himayədarı olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xalq rəssamı S.Bəhlulzadənin dünya ictimaiyyətinə tanıdılmasında xüsusi xidmətləri olduğu bildirilib.
Dünya boyakarlıq sənətində özünəməxsus yeri olan Səttar Bəhlulzadə Azərbaycanın müxtəlif bölgələrini qarış-qarış gəzərək, ölməz əsərlərində təbiət mənzərələrini əks etdirmiş, yaratdığı tablolarda tamaşaçıya Vətənə məhəbbət hissi aşılayıb. İ.Abbasov vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyev daim Səttar Bəhlulzadə yaradıcılığına xüsusi önəm verib. Tədbirdə 1969-cu ildə "Ekran" yaradıcılıq birliyi tərəfindən çəkilmiş "Bu Səttar Bəhlulzadədir" filmi nümayiş etdirilib. Konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, sənətşünas alim Ziyadxan Əliyev ölməz sənətkarın mənalı ömür yolundan və yaratdığı bənzərsiz sənət nümunələrindən söz açıblar.
Qeyd edim ki, Bakının Əmircan kəndində dünyaya göz açan Səttar Bəhlulzadə hələ uşaq yaşlarından şəkil çəkməyə böyük maraq göstərmişdir. Sənətin sirlərini öyrənmək üçün Bakı Rəssamlıq Məktəbinə daxil olan S.Bəhlulzadəyə uğur qazanmasında istedadlı fırça ustası Əzim Əzimzadə yaxından kömək göstərmişdir. S.Bəhlulzadə 1933-cü ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun qrafika fakültəsinə daxil olmuş və burada tanınmış sənətkarlardan dərs almışdır. Tale elə gətirmişdir ki, Səttar rəngkarlıq fakültəsində təhsilini davam etdirmiş və burada professor Q.M.Şeqaldan sənətin incəliklərini öyrənə bilmişdir.
Dahi fırça ustasının sevə-sevə yaratdığı "Fətəli xan", "Atəşfəşanlıq", "Qudyalçay vadisi", "Yaşıl xalı", "Xəzər üzərində axşam şəfəqləri", "Bahar çiçəkləri", "Cıdır düzü", "Şuşa ətrafında" və digər onlarla əsəri onun Azərbaycan rəssamlıq məktəbinə bəxş etdiyi əvəzsiz töhfələrdir. S.Bəhlulzadəyə həsr olunmuş tədbirlərin əhəmiyyətindən danışan natiqlər vurğulayıblar ki, onun yaratdığı sənət nümunələri bütün dövrlərdə öz gözəlliyini, orijinallığını qoruyub saxlayacaq və minilliklər boyu xalqın ən dəyərli sənət incisi olaraq qalacaq.