“Cəhənnəm kirayənişinləri”nin premyerası keçirildi
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində xalq yazıçısı Elçinin "Cəhənnəm kirayənişinləri" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası keçirildi.
Mədəniyyət və turizm nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rəssamı Tatyana Tarakanova, musiqi tərtibatçısı isə əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, nazirlər, dövlət komitələrinin rəhbərləri və tanınmış mədəniyyət xadimləri tamaşaya baxıblar. Rus Dram Teatrında artıq altı əsərinin səhnələşdirildiyini deyən xalq yazıçısı Elçin vurğulayıb ki, bugünkü tamaşa əvvəlkilərdən bir qədər fərqlənir. Əsərin quruluşçu rejissoru Finlandiyada yaşayan həmyerlimiz Kamran Şahmərdandır. O, əsəri bəyənərək, ona səhnə həyatı bəxş edib. Xalq yazıçısı bildirib ki, ilk dəfə nümayiş olunan bu əsərin mövzusu bəşəri bir problemə - insanla şeytanın, Xeyirlə Şərin mübarizəsinə həsr edilib. Tamaşada, əsasən, üç iştirakçının - Ər, Arvad və Şeytanın mükaliməsindən, mübarizəsindən söhbət gedir.
Tamaşanın üslub və keyfiyyət baxımından olduqca yüksək səviyyədə hazırlandığını diqqətə çatdıran xalq yazıçısı Elçin bildirib ki, quruluşçu rejissor müasir standartlara cavab verən, yeni bərpa edilmiş Rus Dram Teatrının imkanlarından lazımi şəkildə yararlanmışdır.
Tamaşada əsas rolları Azərbaycanın xalq artistləri Səfa Mirzəhəsənov, Yuri Balıyev, əməkdar artist Mələk Abbaszadə ifa ediblər.
Əsərdə hadisələr şərti olaraq 37-ci ilin qanlı-qadalı, insan taleyinə qənim kəsilmiş bir dövrünə təsadüf etsə də, sonda Haqqın qələbəsi və Şeytanın pislik girdabından çıxa bilməməsi bir daha tamaşaçını xeyirxahlığa, gözəlliyə, nikbinliyə səsləyir.
Premyera teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.