PDF Oxu

Mədəniyyət

  • 17

Vaqif Mustafazədənin anım mərasimi keçirildi

Vaqif Mustafazədənin anım mərasimi keçirildi
Bakı Caz Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə görkəmli Azərbaycan musiqiçisi, dünya şöhrətli caz ustası Vaqif Mustafazədənin vəfatının 30 illiyinə həsr edilmiş gecə keçirildi.
Tədbirdə çıxış edən Azərbaycan cazının veteranı, "Humay" milli mükafatının laureatı Rafiq Seyidzadə, Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun direktoru Afaq Əliyeva və başqaları Vaqifin həyat və yaradıcılıq yolundan söz açdılar. Qeyd olundu ki, "Caz-muğam"ın banisi Vaqif Mustafazadə respublikanın əməkdar artisti, caz muğamının banisi, bəstəkar və pianoçu, vəfatından sonra isə dövlət mükafatı laureatı adına layiq görülən Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçərişəhərdə anadan olub.
Musiqiyə vurğunluğu elə göz açdığı ailədən başlayıb. Atası Mustafazadə Əziz Əbdülkərim oğlu 1912-ci ildə Şəkidə anadan olub. Hərbi həkim olmaqla yanaşı, musiqiyə böyük həvəs göstərib, tarda, kamançada gözəl ifa etməyi bacarırdı. Anası Zivər xanım Əliyeva dahi bəstəkar Üzeyir Hacıbəyovun tələbələrindən biri, ilk qadın pianoçulardandır.
Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımın dərs dediyi 1 nömrəli musiqi məktəbində almışdı. Vaqif 1957-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub, bununla bərabər 1958-ci ildən əmək fəaliyyətinə başlayıb. Əvvəlcə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra isə Azərbaycan Radio Komitəsində pianoçu-solist kimi işləyib. 1965-ci ildə Tbilisidə "Orero" ansamblına musiqi rəhbəri kimi dəvət alır. Elə həmin ildə "Qafqaz" caz triosunu yaradır. 1966-67-ci illərdə Tallində keçirilən beynəlxalq caz festivalındakı qələbəsi ona ümumdünya şöhrəti gətirir. 1968-ci ildə Bakıya qayıdan Vaqif Mustafazadə böyük və səmərəli işlər görür. O "Caz-trio", "Leyli", "Caz-Muğam" ansambllarını yaradır, Tbilisidə, Bakıda, Donetskdə keçirilən caz festivalları və müsabiqələrində qələbə qazanır. "Melodiya" firmasında onun 9 albomu çıxır. 1979-cu ildə Fransanın Monako şəhərində keçirilən caz kompoziyaları festivalında Vaqif Mustafazadə dünyanın ən yaxşı bəstəkarı adına layiq görülür.
Daşkənd qastrolu Vaqif Mustafazadə üçün faciəli qurtarır. 16 dekabr 1979-cu ildə çıxış zamanı, o, ikinci infarkt keçirir. Onu xəstəxanaya aparırlar, ancaq təəssüf ki, musiqiçini xilas etmək mümkün olmur. Böyük cazmenin qızları Lalə və Əzizə bu gün atalarının yolunu davam etdirirlər. Musiqiyə həvəs və istedad atasından övladlarına irsən keçib. Lalə Mustafazadə istedadlı ifaçı-musiqiçidir, Fransada keçirilən dünya xalqları müsabiqəsində 1-ci yerə layiq görülüb. Uğurlu ifasına görə "Qran-Pri" qazanıb. Vaqif Mustafazadənin ikinci qızı Əzizə dünyanın məşhur caz pianist və müğənnisidir. Əzizə Mustafazadə Amerikada keçirilən ümumdünya müsabiqə və caz festivalı laureatı olub. 100-ə yaxın müxtəlif janrlı musiqi əsərlərinin müəllifidir.
Vaqif Mustafazadənin xatirəsini əbədiləşdirmək ideyası anası Zivər xanıma məxsusdur. O, illər boyu oğlunun fotoşəkillərini, notlarını, albom və haqqındakı materialları toplamışdır. 1997-ci ildə Zivər xanımın vəfatından sonra onun işini Vaqifin dayısı qızı Afaq xanım Əliyeva davam etdirmişdir. Musiqiçiyə yaxın insanların bu işdə səy göstərməkləri dəyərləndirilmişdir. Hal-hazırda Vaqif Mustafazadənin ev-muzeyinə dövlət statusu verilmişdir.
Afaq Əliyeva bildirdi ki, Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu tərəfindən muzeyin əsaslı təmiri təşkil edilmiş və təmir işləri 5 aydan bir az artıq davam etmişdir. Fundamental bərpa işlərinə baxmayaraq, burada Vaqif Mustafazadənin yaşayıb-yaratdığı vaxtların stili və atmosferi saxlanılmışdır. Təmir boyu həm də, muzeyin ekspozisiyası yenilənmiş və bir neçə təzə eksponat əldə edilmişdir. Girişdə qonaqları Azad Zeynalovun yonub yaratdığı heykəl qarşılayır, yan tərəfdə divarda, işıqlandırılmış heykəli, - Ömər Eldarovun işi olan barelyefi görmək olar. Bu yaxınlarda ev-muzeyinin ekspozisiyasında yeni bədii əsərlər - Vaqif Mustafazadənin heykəltəraşlıq portreti və qalvanik portreti (rəssam Asim Quliyev), musiqiçinin və onun qızı Əzizənin portreti və əməkdar rəssam Namiq Zeynalovun işi olan cazmenin daha bir portreti nümayiş etdirilmişdir. Hal-hazırda qapısı bütün görüşə gələnlər üçün həmişə açıq olan muzeydə 153 foto, 15 afişa, həmçinin, kino və videomateriallar, diplomlar, sertifikatlar, val və fotoalbomlar saxlanılır.
Afaq xanım ölməz sənətkarın yaradıcılıq irsinə toxunarkən, bildirdi ki, Vaqif Mustafazadə qeyri-adi istedada malik sənətkar olduğundan, yaradıcılığında Şərqlə-Qərbin musiqisini böyük ustalıqla birləşdirə bilmişdi. Vaqif Mustafazadə Azərbaycanda caz musiqisini inkişaf etdirmiş, muğamla cazın sintezini yaratmışdır.
Anım mərasimində Vaqif Mustafazadənin ev-muzeyinin əməkdaşları tərəfindən hazırlanmış Vaqif Mustafazadə saytının təqdimatı da keçirildi. 3 dildə Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda musiqi arxivi, məqalələr, fotolar və digər bölümlər vardır.
Tədbirdə məşhur "Sevil" ansamblının üzvü Rəna Talıbova və Afaq Əliyevanın iştirakı ilə "Retro-Sevil" ansamblının çıxışı maraqla qarşılandı. Vaqif Mustafazadənin əsərləri ifa edildi.

Digər xəbərlər