Teatr Muzeyinin 75 illik yubileyi keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə dekabrın 16-da "Muzey Mərkəzi"ndə Teatr Muzeyinin 75 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçiriləcəkdir. Rəsmi və bədii hissədən ibarət tədbir Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Teatr Xadimləri İttifaqının sədri, əməkdar incəsənət xadimi Azər Paşa Nemət, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, millət vəkili Rafael Hüseynov, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, "Musiqi dünyası" jurnalının baş redaktoru, professor, əməkdar incəsənət xadimi Tariyel Məmmədov, teatr xadimləri, sənətsevərlər və muzeylərin nümayəndələri iştirak edəcəklər. Yığıncaqda Teatr Muzeyinin yaranma tarixinə və fəaliyyətinə həsr olunmuş saytın ilk variantının və kitabın təqdimatı keçiriləcək, teatrların təbrikləri və musiqi nömrələri səslənəcək.
Xatırladım ki, yubileyini qeyd etdiyimiz Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934 - cü ildə yaradılmışdır. Şərqdə və Cənubi Qafqazda öz profilinə görə yeganə olan bu muzeyin yaradılmasında Bakı Teatr Texnikumunun direktor müavini, Bakı Türk İşçi Teatrının əməkdaşı, teatr xadimi Ağakərim Şərifovun böyük xidmətləri olmuşdur. O, 1920 - ci ildən başlayaraq teatr tarixinə dair materialları toplamağa başlamış, 1926 - cı ildə Teatr Texnikumunun məzunları ilə Moskvada olarkən oradakı Teatr Muzeyinin direktoru A. A. Baxruşinlə görüşmüş, ondan bu sahədə bir sıra məsləhətlər almışdır.
Bakıda Teatr Muzeyi yaratmaqla bağlı göstərdiyi təşəbbüsdə Azərbaycanın görkəmli ziyalıları və teatr korifeyləri ona böyük dəstək olmuşlar. Bu xüsusda Əziz Şərifin, Cəfər Cabbarlının, Əzim Əzimzadənin, Sidqi Ruhullanın və başqalarının adını qürurla çəkmək olar. Beləliklə, 1927- ci ilin noyabr ayında keçmiş Tağıyev Teatrının binasında yerləşən Dram Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yerləşdiyi bina) foyesində muzeyin Sidqi Ruhullanın şəxsi arxivindən ibarət ilk sərgisi açılır. 1928- ci ildən 1934- cü ilə qədər teatr şöbəsi kimi fəaliyyət göstərən muzey 1934-cü ildə dövlət statusu alır və noyabrın 25- də Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı olur. 1935 - ci ildə muzeyə Cəfər Cabbarlının adı verilir.
Əsas fondunda 135.000-dən artıq eksponat toplanmış muzeydə görkəmli sənətkarlarımızın 700 - ə yaxın şəxsi arxivi, Azərbaycan peşəkar teatrının yarandığı tarixdən bu günə qədər müxtəlif janrlarda ilk teatr tamaşalarının proqram və afişaları, əlyazmalar, memorial əşyalar, rejissor eksplikasiyaları, rol dəftərləri, müxtəlif tamaşalardan çəkilmiş foto və neqativlər, səhnə əsərlərinə verilmiş dekorasiya və geyim eskizləri, maketlər, obrazlara tikilmiş kostyumlar, rekvizitlər qorunur və nümayiş etdirilir. Təsadüfi deyil ki, muzey 2004-cü ildə "Teatr tarixinə dair materialların toplanmasına və qorunmasına görə" Teatr Xadimləri İttifaqı tərəfindən "Qızıl Dərviş" mükafatına layiq görülmüşüdür.